Вернуться назад Распечатать

Geri qaytarılan məhsulların PULU hara gedir? – ŞOK DETALLAR

“Məhsulun qaytarılması və ya dəyişdirilməsi ilk növbədə istehlakçının qanunla nəzərdə tutulan hüququdur. Lakin biznes baxımından hər bir qaytarılma müəyyən əlavə xərc yaradır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. Onun sözlərinə görə, burada söhbət yalnız satılmış məhsulun geri qəbul edilməsindən getmir:

“Məhsulun daşınması, yoxlanılması, yenidən qablaşdırılması, anbarda saxlanılması, satışa qaytarılması və bəzi hallarda dəyərinin azalması kimi xərclər də yaranır. Xüsusilə geyim, elektronika və digər tez yenilənən məhsullarda qaytarılan malın yenidən əvvəlki qiymətə satılması həmişə mümkün olmur. Buna görə mağazanın real itkisini yalnız məhsulun satış məbləği ilə ölçmək düzgün deyil; əsas göstərici qaytarılmanın yaratdığı ümumi əməliyyat xərcidir. 

Bizneslər bu riskləri müəyyən qədər əvvəlcədən qiymətlərində nəzərə ala bilərlər. Qiymət formalaşarkən yalnız məhsulun alış dəyəri deyil, logistika, anbar, əməkhaqqı, marketinq, ödəniş sistemlərinin komissiyaları və digər əməliyyat xərcləri də nəzərə alınır. Qaytarılma faizi yüksək olan biznesdə bu xərclərin məhsulun maya dəyərinə və nəticədə satış qiymətinə təsir etməsi mümkündür. Lakin “qaytarılma oldu, deməli həmin məbləğ birbaşa bütün məhsulların qiymətinə əlavə edilir” yanaşması düzgün olmaz. Bu, şirkətin biznes modelindən, marjasından, məhsul kateqoriyasından və qaytarılma səviyyəsindən asılıdır”.

Ekspert qeyd edib ki, istehlakçı baxımından da qaytarılmanın görünməyən xərcləri var:

“Əgər məhsulu mağazaya fiziki qaydada aparmaq tələb olunursa, nəqliyyat xərci və vaxt itkisi yaranır. Onlayn alış-verişdə isə kuryerin gözlənilməsi, məhsulun qablaşdırılması və geri göndərilməsi kimi əlavə vaxt və logistika xərcləri meydana çıxa bilər. Bəzi hallarda ödəniş və geri qaytarma proseslərinin müddəti də istehlakçının vəsaitdən müəyyən müddət istifadə edə bilməməsinə səbəb olur. Buna görə istehlakçının real xərcini yalnız məhsul üçün ödədiyi məbləğlə məhdudlaşdırmaq olmaz.

Onlayn ticarətdə bu məsələ daha da əhəmiyyətlidir. Elektron ticarətdə istehlakçının məhsulu fiziki olaraq əvvəlcədən yoxlamaq imkanının məhdud olması, xüsusilə geyim və ayaqqabı kimi kateqoriyalarda qaytarılma ehtimalını artırır. Qaytarılma sayı artdıqca biznes üçün iki istiqamətdə xərc formalaşır: logistika və əməliyyat xərcləri artır, eyni zamanda məhsulun təkrar satışa hazırlanması üçün əlavə resurs tələb olunur. Məhsulun müəyyən müddət anbarda qalması və ya mövsümi məhsul olması halında isə onun əvvəlki qiymətə satılmaması əlavə maliyyə itkisinə çevrilə bilər.

Burada əsas məsələ istehlakçı hüququ ilə biznesin iqtisadi maraqları arasında balansın qorunmasıdır. Qaytarılma mexanizminin mövcudluğu istehlakçı etimadını artırır və elektron ticarətin inkişafına xidmət edir. Digər tərəfdən, həddindən artıq və səmərəsiz qaytarılmalar biznes üçün əlavə xərc yaradır və uzunmüddətli perspektivdə bu xərclər qiymətlərə və xidmət şərtlərinə təsir göstərə bilər. Ona görə həm istehlakçı, həm də satıcı üçün əsas məqsəd qaytarılma hüququndan düzgün istifadə və bu prosesin yaratdığı xərclərin mümkün qədər optimallaşdırılması olmalıdır”.