Вернуться назад Распечатать

Kürdəmirdə “PeşəCar” layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) icra etdiyi “PeşəCar” layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib.
1xeber.media xəbər verir ki,Kürdəmir rayonunun Atakişili kəndində yaradılan yeni müəssisə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmiri sahəsi üzrə müvafiq aktivlərlə təmin olunmuş şəxslərin eyni məkanda birgə fəaliyyət göstərmələri üçün nəzərdə tutulub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə istifadəyə verilmiş müəssisədə avtorəngsaz, avtotəmizləmə, avtorazval, avtodəmirçi, avtoçilingər, avtomobil şinlərinin bərpası və təmiri üzrə xidmətlər göstəriləcək.
Rayonun Atakişili kəndində fəaliyyət göstərən müəssisənin açılış tədbirində Kürdəmir RİH-in başçısı Elşən Həsənli, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı E.Həsənli yeni yaradılan müəssisənin rayonda yeni iş yerlərinin yaradılması və məşğulluq imkanlarının artırılması baxımından önəmini vurğulayıb. Belə layihələrin bölgədə xidmət sektorunun inkişafını stimullaşdırmaqla yanaşı, sakinlərin məşğulluğunun təminatına mühüm dəstək olduğunu bildirib.
DMA sədri H.Abbasov “PeşəCar” layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihə özünüməşğulluq proqramının daha səmərəli icrasına, iştirakçıların biznes fəaliyyətlərinin rəqabət qabiliyyətinin artırılmasına və gəlirliliyin yüksəldilməsinə xidmət edir. Məqsəd vətəndaşları aktivlərlə təmin etməklə yanaşı, onların dayanıqlı biznes qurmalarına, gəlirlərini artırmalarına və öz sahələrində peşəkar fəaliyyət göstərmələrinə də dəstək olmaqdır. Sədr layihənin uğurla həyata keçirilməsində əməkdaşlıq edən bütün qurumlara və tərəfdaşlara təşəkkür edib.