Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov İstanbulda Türk Dövlətləri Təşkilatının Ədliyyə Nazirlərinin 3-cü Toplantısı çərçivəsində üzv ölkələrdən olan həmkarları ilə görüşüb.
1xeber.media-nın məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlekin "X" sosial media hesabında paylaşdığı məlumatda qeyd olunub.
Nazir bildirib ki, Türk Dövlətləri Təşkilatının Ədliyyə Nazirlərinin 3-cü Toplantısı münasibətilə Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, Qırğız Respublikasının ədliyyə naziri Almaz Ayılçiyev və Özbəkistanın ədliyyə naziri Akbar Taşkulov ilə birlikdə toplantı keçiriblər.
Görüş zamanı ölkələr arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımları, qurumlar arasında məlumat və təcrübə mübadiləsini gücləndirəcək birgə işlər geniş şəkildə müzakirə edilib.
"Ortaq tariximizdən, qədim mədəniyyətimizdən və qardaşlıq bağlarımızdan aldığımız güclə Türk Dövlətləri Təşkilatı çərçivəsində ədliyyə sahəsində əməkdaşlığımızı daha da gücləndirməyə, ortaq iradəmizi konkret addımlara və davamlı nəticələrə çevirməyə qətiyyətlə davam edəcəyik.
Türk dünyasında ədalət sahəsində ortaq baxışımızı gücləndirən bu mühüm toplantıda iştirak etdiklərinə və birgə fəaliyyətimizə verdikləri dəyərli töhfələrə görə hörmətli həmkarlarıma təşəkkür edirəm", - o vurğulayıb.