Вернуться назад Распечатать

Azərbaycana qarşı kordinasiyalı HÜCUM VAR: Bu iki qardaş arasında olan... - Rauf Arifoğludan FƏRQLİ BAXIŞ

"Hökumətlər səviyyəsində rəsmi olaraq aramızda heç bir problem yoxdur, lakin sosial media üzərindən Azərbaycana qarşı koordinasiya olunmuş hücumlar həyata keçirilir və bu, bizi haqlı olaraq narahat edir. Qardaşın atdığı bir qum dənəsi belə adamı incidir, bu təbiidir. Ermənistan nə qədər yalan danışırsa danışsın, Rusiya ilə münasibətlərimizə gəldikdə isə, indi biz guya yaxınıqmı, yaxşıyıqmı? Xeyr, yenə də soyuq küləklər əsir."

1xeber.media xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində "Yeni Müsavat" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu bildirib.

O qeyd edib ki, İranla bağlı vəziyyətə artıq vərdiş etmişik: "Əslində, bu kürreyi-ərazidə bizə İran qədər yaxın bir dövlət olmamalıdır. Niyə? Çünki bizim orada ən azı 40 milyon soydaşımız var. Qanı qanımdan, canı canımdan olan qan qardaşım, azərbaycanlılar yaşayır, hətta hökumətdə də təmsil olunanlar var. Amma fikir verirsinizmi, ideoloji olaraq bizi necə ayırırlar? Dünya görüşü bizi necə parçalayır? Mən məhz bunun olmasını istəmirəm. Həm Azərbaycan türkləri, güneyli-quzeyli soydaşlarımız, həm də Türkiyə türkləri – biz oğuz boyuyuq. Dilimiz bir, canımız bir, adətimiz bir, yeməyimiz bir, pilovumuz, xəngəlimiz, qurutumuz bir. Dünyada belə unikal bağlılıq başqa yerdə yoxdur".

Onun sözlərinə görə, Azərbaycanın İsraillə münasibətləri 1992-ci ildən mövcuddur və ölkəmizdə İsrailin səfirliyi fəaliyyət göstərir: "Türkiyə başda olmaqla bir çoxları bizim İsraillə nə dərəcədə dərin əlaqələrimiz olduğunu yaxşı bilir. Biz Türkiyəmizə İsraillə münasibətlərimiz əsasında böyük faydalar vermişik; PKK ilə bağlı məsələlərdə, silahsızlaşdırmada, Suriya böhranında, kəşfiyyatların koordinasiyasında və sülh prosesində hər zaman həlledici rol oynamışıq, yenə də oynayacağıq. Bu əlaqələr çox qiymətlidir. İran bu dəqiqə İsraillə münasibətləri müəyyən mənada normallaşdırıb, əslində isə bu cür gərginliklər müharibədən sonrakı proseslərdir".

Rauf Arifoğlunun sözlərinə görə, bütün bu proseslərin fonunda Bakı platforması xüsusi əhəmiyyət daşıyır: "Keçən il Prezident İlham Əliyev məcbur olub bu platformanı açdı. Çünki neçə dəfə Bakıda və Türkiyədə görüşlər keçirmişik. Şuşa məsələsini məhz Azərbaycanın yaratdığı Bakı platforması sabitləşdirdi. Vaxtilə tamaşaçılarımızdan biri çox gözəl qeyd etmişdi ki, aparılan hərbi təlimlər sadəcə təlim deyil; o, kimin Azərbaycan və Türkiyəyə qarşı qılıncla gələcəyi təqdirdə həmin qılıncla da öz başının gedəcəyi mənasını verirdi. Bu cür hərbi təlimləri heç vaxt xəfifə almaq olmaz".