Özünü “David Seliverstov” kimi qələmə verən Kazım Abbasov ilə deputat Anatoli Rafailov arasında şantaj müharibəsi gedir. “David Seliverstov” hücumdadır.
Ortada illər boyu sürən, eyni maraqlara xidmət edən və indi maraqların toqquşması nəticəsində çat verən çirkli bir ortaqlıq var.
İllərdir sağa-sola “Anatoli Rafailov mənim dayımdır” deyib öyünən, deputatla səhər-axşam çörək kəsən, bütün tədbirlərə — hətta rəsmi səfirlik qəbullarına belə çiyin-çiyinə qatılan Kazım Abbasov bu gün birdən-birə “prinsipial hüquq müdafiəçisi” cildinə girib. Zamanında deputatın kölgəsində addımlayan, onun deputatlıq statusundan və imkanlarından bəhrələnərək müxtəlif işlər aşıran, birgə foto və videolarını iftixarla paylaşan "beynəlxalq hüquq müdafiəçisi" indi eyni adamı rəsmi cinayət törətməkdə ittiham edir.
Məsələnin kökündə duran əsas məqam odur ki, Anatoli Rafailov illərlə Kazım Abbasova açıq-aşkar eyni yolu gedib. Onlar sadəcə təsadüfi tanışlar olmayıblar; rəsmi görüşlərdən tutmuş şəxsi ziyafətlərə qədər hər yerdə birgə görünüblər. Anatoli Rafailovun bu müddət ərzində Kazım Abbasovun qaranlıq əməllərinə, maxinasiyalarına göz yumması və hətta onunla eyni mühiti paylaşması heç kimə sirr deyil.
Bəs nə oldu ki, illərin “dayı-bacıoğlu” münasibəti bir anın içində amansız müharibəyə çevrildi?
Kazım Abbasov törətdiyi əməllərə görə ölkədən qaçmasından 2 aydan artıq vaxt keçib. Bu müddətdə o, ümid edirdi ki, illərdir birgə çörək kəsdiyi, səfirlik tədbirlərinə belə çiyin-çiyinə getdiyi “dayı”sı onun Azərbaycanda qoyub getdiyi problemləri, maxinasiyalarını həll edəcək, onu məsuliyyətdən sığortalayacaq. Lakin görünür, məsələnin hüquqi və ictimai miqyası o həddə çatıb ki, Anatoli Rafailov özünü xilas etmək üçün bu maxinasiyaların arxasında durmaqdan imtina etməli olub.
Umacağı boşa çıxan, illərlə arxalandığı deputat dəstəyini itirən Kazım Abbasov anidən “ədalət müdafiəçisi” roluna bürünüb. O, özünün “Facebook” səhifəsində Quba–Qusar zonasında torpaq zəbti və qanunsuz tikinti kadrlarını paylaşaraq deputatı hədəf almağa başlayıb. Hətta məsələni o həddə çatdırıb ki, Anatoli Rafailovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsi (qulluq mövqeyindən istifadə etməklə torpaq zəbt etmə) ilə 5 ildən 8 ilədək azadlıqdan məhrum ediləcəyi ilə hədələyir.
Amma burada haqlı bir sual ortaya çıxır: Anatoli Rafailovla səfirlik tədbirlərində yan-yana duranda, birgə videolar çəkdirib "dayı" deyə öyünəndə Qusardakı o torpaqlar zəbt olunmamışdı? Yoxsa o zaman bu əməllər hər iki tərəfin ortaq maraqlarına xidmət etdiyi üçün "qanuni" sayılırdı?
Bu gün yaşananlar nə Kazım Abbasovun “prinsipiallığı”, nə də Anatoli Rafailovun “süddən çıxmış ağ qaşıq” olmasıdır. Bu, sadəcə olaraq illərlə birgə hərəkət edən, dövlət strukturlarında və diplomatiya qapılarında birgə görünən 2 şəxsin maraqları toqquşanda bir-birinin ayağının altını qazmasıdır.
Öz adını “David Seliverstov” kimi gizlədən, xaricə qaçıb oradan keçmiş havadarına maddə diktə edən şəxsin bu addımı çarəsizlikdən doğan şantaj aktıdırsa, deputat Anatoli Rafailovun da illər boyu bu cür şəxslərlə birgə addımlaması, ona himayəçilik etməsi onun üzərindəki məsuliyyət kölgəsini heç cür silmir.musavat.com




