Вернуться назад Распечатать

“Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik” - Yenilənib

“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb”.

1xeber.media  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.

“Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir”, - dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd edib.

“Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, - o əlavə edib.

***

Dövlət başçısı vurğulayıb ki, nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir.

“Xəzər dənizi ölkələrimiz arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir”, - Prezident qeyd edib.

“Bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir”, - İlham Əliyev deyib.