Вернуться назад Распечатать

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

BMT-nin Livanın cənubunda fəaliyyət göstərən Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) İsraillə sərhəd yaxınlığında yerləşən mövqelərindən biri atəşə tutulub.

1xeber.media xəbər verir ki, bu barədə “UNIFIL” məlumat yayıb.

Bildirilib ki, insident çərşənbə günü Kfər-Şuba yaxınlığındakı mövqedə baş verib. Atıcı silahlardan açılan atəş nəticəsində sülhməramlılar arasında xəsarət alan olmayıb. Lakin güllələr mövqenin xarici divarına, eləcə də bazanın ərazisində yerləşən bəzi yaşayış bölmələrinə və BMT-yə məxsus nəqliyyat vasitələrinə dəyib.

UNIFIL baş verən hadisəni pisləyərək atəş açılmasını qəbuledilməz adlandırıb. Qeyd olunub ki, bu cür hücumlar sülhməramlıların həyatını ciddi təhlükə qarşısında qoyur.

Missiya insidentlə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, 1978-ci ildən UNIFIL qüvvələrinin tərkibində 46 ölkədən 7500 hərbçi xidmət edib. Lakin BMT Təhlükəsizlik Şurası UNIFIL-in mandatının bu il dekabrın 31-də sona çatmasına qərar verib.