1xeber.media xəbər verir ki, Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti baş direktoru vəzifəsinə yüksəkvəzifəli səhiyyə rəsmisi Sonq Lini namizəd göstərib.
Çinin irəli sürdüyü namizəd uzun illər ölkənin səhiyyə sistemində və beynəlxalq əməkdaşlıq sahəsində çalışıb. Sonq Linin karyerasında ana və uşaq sağlamlığı, beynəlxalq səhiyyə proqramları, eləcə də müxtəlif epidemioloji böhranlara qarşı mübarizə istiqamətləri xüsusi yer tutur.
Pekin namizədliyini təqdim edərkən Çinin çoxtərəfli əməkdaşlığa sadiq olduğunu və qlobal səhiyyə sistemində ÜST-nin rolunun gücləndirilməsini dəstəklədiyini bildirib.
ÜST-nin hazırkı baş direktoru Tedros Adhanom Qebreyesusun səlahiyyət müddətinin başa çatmasından sonra təşkilatın yeni rəhbərinin seçilməsi gözlənilir. Namizədlərin tam siyahısının noyabr ayında açıqlanacağı bildirilir. Hazırda müxtəlif ölkələrdən bir neçə namizədin olduğu qeyd edilir.
Çinin öz namizədini irəli sürməsi ÜST rəhbərliyi uğrunda mübarizənin siyasi və diplomatik əhəmiyyətini də artırır. Xüsusilə Vaşinqtonla Pekin arasında beynəlxalq təşkilatlarda təsir uğrunda rəqabətin davam etdiyi bir vaxtda bu seçim diqqət çəkir.