Вернуться назад Распечатать

Zaxarova Mertsi ittiham etdi

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya kansleri Fridrix Mertsi Ukraynadakı korrupsiya sxemələrində iştirak etməkdə ittiham edib.

Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb. Rusiya XİN rəsmisinin sözlərinə görə, Merts və onun ətrafında olan şəxslər Ukraynada maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı proseslərdən kənarda deyil.

Diplomat iddia edib ki, Almaniya kanslerinin Kiyevə səfərlərinin məqsədlərindən biri Ukraynaya ayrılan maliyyə vəsaitlərinin gələcəkdə necə bölüşdürüləcəyinə dair müzakirələr aparmaqdır. O, bu iddialarını konkret sənədlərlə əsaslandırmayıb.

Zaxarova həmçinin bildirib ki, Almaniyanın siyasi dairələrində Mertsi “Ukrayna kansleri” adlandırırlar. Onun sözlərinə görə, bu ifadə Berlin hökumətinin Kiyevə göstərdiyi siyasi və maliyyə dəstəyin miqyasını əks etdirir.

Qeyd edək ki, Merts oktyabrın 4-də əvvəlcədən elan edilməmiş səfərlə Kiyevə gedib. Almaniya kansleri səfər zamanı Ukraynaya yeni yardım paketlərinin ayrılacağını açıqlayıb. Paketə 1 milyard avro hərbi yardım və 350 milyon avro enerji infrastrukturunun bərpası üçün vəsait daxil olduğu bildirilib.

Merts səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə də müraciət edərək, müəyyən şərtlərin yerinə yetirilməsi halında Ukrayna üzrə sülh danışıqlarına hazır olduğunu bəyan edib.