TƏBİB-in səhiyyə sistemində apardığı struktur dəyişiklikləri və “yeni idarəetmə” pafosu reallıqda vətəndaşın sağlamlığına xidmət etmək əvəzinə, regionlarda əsl xaos və anarxiyaya yol açıb. Bunun ən acınacaqlı mənzərəsi bu gün Qəbələ Rayon Mərkəzi Xəstəxanasında yaşanmaqdadır.
1xeber.media Yenicag.az-a istinadla xəbər verir ki, qurumun baş direktorunun vəzifədən getməsi ilə sözün əsl mənasında xəstəxanada hakimiyyət boşluğu yaranıb və bu idarəsizlikdən istifadə edən bəzi məmurlar böyük bir tibb ocağını intriqa meydanına çeviriblər.
Hazırda ölkənin ən böyük regional xəstəxanalarından biri tamamilə başsız qalıb. Buna səbəb isə xəstəxananın iki əsas fiqurunun – Poliklinika şöbəsinin müdiri Səbuhi Şirinovla baş həkim Fikrət Cəfərovun xəstələrin dərdi ilə maraqlanmaq əvəzinə, baş direktor kürsüsü uğrunda açıq savaşa çıxmasıdır. Bu iki şəxsin şəxsi ambisiyaları və qeyri-sağlam “kreslo” ehtirasları xəstəxananı iflic vəziyyətinə salıb. Qurum daxilində tam bir ikitirəlik, hərc-mərclik hökm sürür, bütün tibbi personal isə bu mənasız qruplaşmaların girovuna çevrilərək öz əsas işindən yayınır.
Vəziyyət o qədər absurd həddə çatıb ki, tərəflər bir-birini sıradan çıxarmaq üçün hər cür şantaj və donosbazlıqdan belə çəkinmirlər.
Əldə edilən məlumatlara görə, Səbuhi Şirinov və Fikrət Cəfərov mütəmadi olaraq müxtəlif yuxarı instansiyalara, dövlət qurumlarına bir-birləri haqqında qarayaxma kampaniyaları təşkil edir, kəşfiyyatçı kimi danoslar yazır və süni ictimai rəy yaratmağa çalışırlar. Onların əsas fəaliyyəti indi xəstə müalicə etmək yox, ancaq Bakı yollarında qalaraq müxtəlif qapalı qapılar arxasında gizli görüşlər keçirmək, TƏBİB rəhbərliyindəki yeni idarəçilərlə “dil tapmaq” və hətta Qəbələ Rayon İcra Hakimiyyətindən öz çirkin məqsədləri üçün dəstək qoparmaqdan ibarətdir.
Bu hakimiyyət davasının isə tək bir qurbanı var: Qəbələ əhalisi. Açıq mənbələrdə və sosial şəbəkələrdə onsuz da Qəbələ RMX-nın fəaliyyətindən, pasiyentlərə səhlənkar münasibətdən, süründürməçilik hallarından şikayətlər aşıb-daşır. Belə bir biabırçı fonda rəhbərliyin tək dərdi xəstəxananın inkişafı yox, direktor kreslosunu zəbt etməkdirsə, deməli, həmin rayonda səhiyyə sistemi artıq komadadır. Vətəndaş xəstəxana dəhlizlərində şəfa tapmaq əvəzinə, həkim cildinə girmiş idarəçilərin şəxsi xudbinliyinin əziyyətini çəkir, xəstəxanada isə xidmət səviyyəsi günü-gündən dağ kimi böyüyən problemlərin altında məhv olur.
Əgər TƏBİB doğrudan da hansısa inkişafdan, səhiyyədə modernləşmədən dəm vurursa, Qəbələdəki bu rəzalətə dərhal və ən sərt şəkildə son qoymalıdır. Strateji əhəmiyyətli bir rayonun mərkəzi xəstəxanası nə Səbuhi Şirinovun, nə də Fikrət Cəfərovun at oynadacağı, şəxsi eqolarını təmin edəcəyi gəlir obyekti deyil. Aidiyyəti qurumlar dərhal bu yersiz “kreslo” davasının iştirakçılarını yerinə oturtmalı, xəstəxananı intriqa yuvasından yenidən xalqa xidmət edən tibb müəssisəsinə çevirməlidir. Əks halda, aidiyyəti qurumların bu susqunluğu Qəbələ səhiyyəsini tamamilə bərpaolunmaz bir uçuruma yuvarlayacaq.
Qeyd: Məşhur atalar sözümüz var: Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Bəlkə də TƏBİB bu xəstəxanaya tamamilə başqa şəxsi göndərəcək. Bu iki şəxs də çəxardıqları hoqqalarla xatırlanacaqlar.