1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Omsk vilayətinə hücum etdiyi bildirilir.
Bu barədə vilayətin qubernatoru Vitali Xotsenko məlumat yayıb. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri bölgəyə yönələn hücumu dəf etməyə çalışıb.
Qubernatorun açıqlamasında hücumun konkret hansı obyektə və hansı silahlarla həyata keçirildiyi barədə məlumat verilməyib. Omsk vilayəti Ukrayna ilə sərhəddən təxminən 2 500 kilometr məsafədə yerləşir.
Xotsenko bildirib ki, bölgədə bütün operativ xidmətlər gücləndirilmiş hazırlıq rejiminə keçirilib. O, həmçinin sakinləri sakitliyə çağıraraq yalnız rəsmi və yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edib.
Hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması, eləcə də hər hansı obyektə ziyan dəyməsi barədə əlavə məlumat açıqlanmayıb.