1xeber.media xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fiko Avropa Parlamentinin qarşısında ABŞ Prezidenti Donald Trampın çılpaq şəkildə təsvir olunduğu heykəlin nümayiş etdirilməsini tənqid edib.
Fiko bildirib ki, Trampın bu formada təsvir edilməsi Avropa İttifaqının hazırkı vəziyyətinin göstəricilərindən biridir. Slovakiya hökumətinin başçısı ABŞ prezidentinin bütün siyasətini dəstəkləmədiyini, lakin indiki dövrdə tərəfdaşlar arasında dialoq və qarşılıqlı hörmətin vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Avropa qurumlarının ərazisində tərəfdaş ölkənin liderini təhqir edən hesab edilə biləcək bir əsərin nümayiş etdirilməsi düzgün yanaşma deyil. Fiko Avropa Parlamentinin rəhbərliyini müxtəlif fikirlərə hörmətlə yanaşmaqla təhqiramiz davranış arasında fərq qoymamaqda ittiham edib.
Heykəl danimarkalı heykəltəraş Yens Qalshet tərəfindən hazırlanıb. 23 əyarlı qızıldan hazırlandığı bildirilən əsərdə çılpaq Tramp bir kişinin çiyinlərində oturmuş vəziyyətdə təsvir olunub. Heykəlin əlində qolf çubuğu da yerləşdirilib.
Əsərin Avropa Parlamentinin binasının girişində nümayiş etdirilməsi sosial şəbəkələrdə və Avropa mediasında müzakirələrə səbəb olub. Fiko isə bu addımın ABŞ ilə Avropa arasında onsuz da mürəkkəb olan münasibətlər fonunda əlavə gərginlik yarada biləcəyini bildirib.