1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Baltikyanı ölkələrdə əlavə hərbi qüvvələr yerləşdirmək planlarını eskalasiya kimi qiymətləndirib.
Zaxarova oktyabrın 8-də keçirdiyi brifinqdə bildirib ki, Baltikyanı ölkələrdə əlavə NATO kontingentlərinin, o cümlədən ABŞ hərbçilərinin yerləşdirilməsi və müvafiq hərbi infrastrukturun yaradılması Avropada gərginliyin azaldılması ilə bağlı bəyanatlarla ziddiyyət təşkil edir.
Rusiya rəsmisinin sözlərinə görə, Moskva bu addımları “eskalasiya” kimi qiymətləndirir. O, ABŞ və digər NATO ölkələrinin bölgədə hərbi mövcudluğunu artırmasının Rusiyanın sərhədləri yaxınlığında hərbi infrastrukturun genişləndirilməsi anlamına gəldiyini bildirib.
Zaxarova həmçinin Qərbin Rusiya ilə qarşıdurma siyasətinin Avropa üçün vəziyyəti daha da çətinləşdirəcəyini iddia edib. Onun sözlərinə görə, Moskva ilə qarşıdurmanın dərinləşdirilməsi Avropa ölkələrinin qarşılaşdığı problemlərin həllinə imkan verməyəcək.
ABŞ və NATO-nun bölgədəki hərbi planlarının əsaslandırılması isə Rusiya tərəfindən irəli sürülən iddialardan fərqli olaraq, müttəfiqlərin təhlükəsizliyinin gücləndirilməsi və mümkün təhdidlərə qarşı çəkindirmə tədbirləri ilə əlaqələndirilir.