Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması
mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti
Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-
Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan
Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı
və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün
tənzimləyici sənədləri haqqında Qərar”ı imzaladılar.
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və
Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü keçirilib. Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində
keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün keçirilməsi bu platformanın region
dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm mexanizmlərindən birinə
çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə qoşulması isə regional
əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb. Azərbaycanın Məşvərət
Görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib.
Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli
coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi
baxımından mühüm əhəmiyyət daşıyır. “Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə
qarşılıqlı fəaliyyəti xeyli genişlənib”. Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi
Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. Siyasi əlaqələrin
yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli
səfərlərin müntəzəm hal aldığını qeyd edib. “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı
investisiyalar artır və birgə layihələr həyata keçirilir”, – deyə Prezident əlavə edib.
Dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il
50 faizdən çox artdığini bildirib: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-
dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan
və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz
milyonlarla dollar təşkil edir”. Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata
keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının
genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini
qeyd edib. “Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə
investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, – deyə o əlavə edib.
Avrasiya məkanında iqtisadi və nəqliyyat əlaqələrinin istiqamətləri sürətlə dəyişir. Yeni
ticarət marşrutlarının axtarılması, enerji resurslarının alternativ istiqamətlər üzrə daşınması və
ölkələrin xarici bazarlara çıxış imkanlarını genişləndirmək cəhdləri regionlararası əməkdaşlığın
əhəmiyyətini əvvəlkindən daha da artırıb. Bu prosesdə Xəzər hövzəsi xüsusi mövqeyə
malikdir. Çünki bu məkan Şərqlə Qərbi birləşdirən mühüm coğrafi xətt olmaqla yanaşı,
Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üçün də
imkanlar yaradır. Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin
intensivləşməsi məhz bu reallıqlar fonunda baş verir. Siyasi dialoqun genişlənməsi iqtisadi
münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da hərəkətə gətirir.
İkitərəfli münasibətlərlə yanaşı, bu əlaqələr getdikcə daha geniş regional əməkdaşlıq
formatında da yeni məzmun qazanır. “ Nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında
əməkdaşlığın əsas sahələrindən biridir”, – deyə Prezident İlham Əliyev bildirib. Dövlətimizin
başçısı qeyd edib: “Xəzər dənizi ölkələrimiz arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə
daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı
Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir”. Prezident,
həmçinin qeyd edib ki, bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və
rəqabətədavamlı etməkdir.
Azərbaycanın Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin inkişafında rolu yalnız
infrastruktur imkanları ilə məhdudlaşmır. Xəzərin iki sahilində yerləşən dövlətlərin eyni
əməkdaşlıq platformasında təmsil olunması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında
əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Bu da
regionlararası ticarət və logistika zəncirlərinin daha sıx əlaqələndirilməsinə şərait yarada bilər.
Mərkəzi Asiya və Azərbaycanın əsas logistika və enerji inkişaf mərkəzləri kimi rolu durmadan
artır, Asiya və Avropadakı tərəfdaşlarla əməkdaşlıq üçün geniş perspektivlər açır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin
mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi
dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli
əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla
münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Prezident İlham Əliyevin
Türkmənistana işgüzar səfəri də məhz bu əməkdaşlıq gündəliyi fonunda diqqət çəkir. Səfər
çərçivəsində dövlətimizin başçısının Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət
Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın regional əməkdaşlıq prosesində
artan rolunun növbəti göstəricisidir.
Günnamə Əhmədova,
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi