Вернуться назад Распечатать

Zelenskinin bunkeri ilə bağlı yeni detallar açıqlanıb

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdəki bunkeri ilə bağlı yeni detallar açıqlanıb. Məlumatda sığınacaqda bar, idman zalı və mini-kinoteatrın olduğu iddia edilir.

Söhbət Kiyevin hökumət məhəlləsinin altında yerləşən və sovet dövründə inşa edilmiş ÇZ-417 adlı obyektdən gedir. “AIF”in yazdığına görə, hərbi ekspert Dmitri Stefanoviç obyektin tikintisi ilə bağlı arxiv sənədi aşkar edib. Sənədlərə əsasən, bunker 1950-ci illərdə yerin təxminən 93 metr dərinliyində inşa olunub.

Məlumata görə, bunkerə prezidentin ofisindən birbaşa enmək mümkündür və bu, təxminən 10 dəqiqə çəkir. Obyektdə əməliyyat otaqları ilə yanaşı, konfrans zalı, bar, idman zalı, stolüstü tennis masası və mini-kinoteatrın olduğu bildirilir.

Bunkerin iki paralel tunel blokundan ibarət olduğu qeyd edilir. Hər bir tunelin diametrinin təxminən 8,5 metr, uzunluğunun isə 100 metrə yaxın olduğu bildirilir. Obyektin texniki hissəsində dizel generatoru, yanacaq anbarı, havalandırma və filtrasiya sistemləri kimi qurğuların yerləşdiyi yazılır.

Qeyd edək ki, bunkerin bəzi xüsusiyyətləri barədə məlumatlar müxtəlif açıq mənbələrə və ekspertlərin arxiv sənədləri ilə bağlı araşdırmalarına əsaslanır. Buna görə də obyektin bütün detalları müstəqil şəkildə təsdiqlənmiş məlumat kimi qəbul edilmir.