1xeber.media 1BUSİNESS.MEDIA-nın instagram səhifəsinə istinadən xəbər verir ki, dağ-mədən sənayesində fəaliyyət göstərən “Star Mining” MMC 2025-ci ili 5 milyon 424 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 4 milyon 45 min manat zərər etmişdi. Beləliklə, bir il ərzində maliyyə nəticəsində 9 milyon 469 min manatlıq müsbət dəyişiklik qeydə alınıb.
Şirkətin 2025-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatına əsasən, satışdan əldə olunan gəlir 36,2% artaraq 73 milyon 479 min manata çatıb. 2024-cü ildə bu göstərici 53 milyon 960 min manat olub. Xidmətlərin maya dəyəri isə 7,3% artaraq 54 milyon 99 min manat təşkil edib.
Gəlirlərin maya dəyərindən daha sürətlə artması ümumi mənfəətin yüksəlməsinə səbəb olub. 2024-cü ildə 3 milyon 560 min manat olan ümumi mənfəət 2025-ci ildə 19 milyon 381 min manata çatıb.
Şirkətin əməliyyat nəticələrində də ciddi dəyişiklik baş verib. 2024-cü ildə 2 milyon 842 min manat əməliyyat zərəri qeydə alındığı halda, 2025-ci ildə 8 milyon 846 min manat əməliyyat mənfəəti əldə edilib. Əməliyyat nəticəsi bir il ərzində təxminən 11,7 milyon manat yaxşılaşıb.
Ümumi və inzibati xərclər 6 milyon 636 min manatdan 10 milyon 764 min manata yüksəlib. Şirkətin ümumi mənfəət marjası isə 6,6%-dən 26,4%-ə qalxıb.
“Star Mining” MMC-nin aktivləri də artıb. 2025-ci ilin sonunda şirkətin cəmi aktivləri 39 milyon 915 min manat olub. Bu, 2024-cü ilin sonundakı 31 milyon 831 min manatla müqayisədə 25,4% çoxdur.
Şirkətin ticarət və digər debitor borclarında isə kəskin artım qeydə alınıb. 2024-cü ilin sonunda 3 milyon 223 min manat olan bu borclar 2025-ci ilin sonunda 12 milyon 264 min manata yüksəlib. Artım 9 milyon 41 min manat və ya 280,5% təşkil edib.
2025-ci ilin sonunda şirkətin pul vəsaitləri və onların ekvivalentləri 417 min manat olub. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 146 min manat təşkil edirdi. Qısamüddətli öhdəliklər isə 26 milyon 724 min manatdan 34 milyon 174 min manata yüksəlib.
Şirkətin cəmi öhdəlikləri 2024-cü ilin sonunda 27 milyon 956 min manat olduğu halda, 2025-ci ilin sonunda 34 milyon 386 min manata çatıb. Ticarət və digər kreditor borcları 16 milyon 978 min manat, qısamüddətli kredit və borclanmalar 6 milyon 389 min manat, müqavilə üzrə öhdəliklər 8 milyon 524 min manat, ödənilməli cari mənfəət vergisi isə 2 milyon 56 min manat olub.
Şirkətin uzunmüddətli və qısamüddətli kredit və borclanmalarının ümumi məbləği il ərzində təxminən 31% azalıb.