1xeber.media xəbər verir ki, Portuqaliyanın Porto şəhərindəki San-Joao xəstəxanası müəyyən şərtlərlə pasiyentlərin ev heyvanları ilə görüşməsinə imkan yaradan layihə həyata keçirir. “Pets and Company” adlı təşəbbüs uzun müddət xəstəxanada qalan insanların yaxınlıq hissini qorumağa yönəlib.
Layihə çərçivəsində itlərin, pişiklərin və müəyyən şərtlərə cavab verən digər heyvanların xəstələri ziyarət etməsinə icazə verilir. Görüşdən əvvəl həkim və ya tibb bacısı müraciəti qiymətləndirir, infeksiya riskini yoxlayır və heyvanın peyvəndləri ilə bağlı sənədləri tələb edir.
Görüşlər 30 dəqiqə davam edir və hər pasiyent üçün yeddi gündə bir dəfə nəzərdə tutulur. Uzun müddət xəstəxanada müalicə alanlara və palliativ yardım göstərilən xəstələrə üstünlük verilir.
Layihə rəhbərlərinin bildirdiyinə görə, təşəbbüsün başlanmasından sonra həmin ziyarətlərlə əlaqəli infeksiya qeydə alınmayıb. Mütəxəssislər belə görüşlərin xəstələrin emosional vəziyyətinə və müalicəyə motivasiyasına müsbət təsir göstərə biləcəyini düşünürlər.