Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistana reallaşan işgüzar səfəri Bakı və
Aşqabad arasında strateji etimadın yüksək göstəricisi olmaqla yanaşı, Xəzəryanı regionun
qlobal iqtisadiyyatdakı tranzit və enerji mərkəzi rolunu daha da möhkəmləndirir
Mərkəzi Asiya regionu ilə münasibətlərin dərinləşdirilməsi son illərdə Azərbaycanın
xarici siyasətində prioritet və dinamik istiqamətlərdən birinə çevrilmişdir. Ümumi tarixi, köklü
mədəni bağları və etnik yaxınlığı bölüşən bu coğrafiya günümüzdə həm də strateji, iqtisadi və
nəqliyyat-logistika maraqlarının kəsişdiyi əsas məkanlardan biridir. Bu xəttin tərkib hissəsi kimi
Türkmənistan ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx inteqrasiya və Mərkəzi Asiya
dövlətləri ilə keçirilən sammitlər Azərbaycan-Türkmənistan dialoqunu daha da gücləndirir.
Neytral xarici siyasət kursu yürüdən Türkmənistanın Azərbaycan vasitəsilə regional
təşəbbüslərə daha fəal qoşulması regionda sülhün, sabitliyin və iqtisadi rifahın təmin
olunmasına xidmət edir.
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərinə
reallaşan işgüzar səfəri Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrinin keyfiyyətcə yeni
mərhələyə keçdiyini göstərir. Öz növbəsində, bu səfər Bakı və Aşqabad arasında strateji
etimadın yüksək göstəricisi olmaqla yanaşı, Xəzəryanı regionun qlobal iqtisadiyyatdakı tranzit
və enerji mərkəzi rolunu daha da möhkəmləndirir. Səfərin Mərkəzi Asiyanın Xəzərdəki ana
qapısı sayılan Türkmənbaşı şəhərində reallaşması təsadüfi deyildir. Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı ilə Türkmənbaşı Limanı arasında operativ inteqrasiya və bərə daşımalarının
artırılması Çindən və Mərkəzi Asiyadan Avropaya yönələn yüklərin keçid müddətini
əhəmiyyətli dərəcədə qısaldır. Bu səfər Orta Dəhlizin (Beynəlxalq Trans-Xəzər Nəqliyyat
Marşrutu) ötürücülük qabiliyyətini genişləndirmək nöqteyi-nəzərindən mühüm rol oynayır.
Həmçinin səfər qəbul edilmiş qərarların, ticarət dövriyyəsinin artırılması və birgə investisiya
layihələrinin icrasının ali səviyyədə nəzarətdə saxlanılması və sürətləndirilməsi üçün əvəzsiz
platformadır.
Xatıraladaq ki, Prezident İlham Əliyev Türkmənistana 2 rəsmi, 5 işgüzar səfər edib.
Sonuncu işgüzar səfər 22 avqust 2025-ci ildə Türkmənbaşı şəhərində Azərbaycan,
Türkmənistan və Özbəkistan arasında Yüksək səviyyəli görüşdə iştirak etmək üçün həyata
keçirilmişdi. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2 mart 2023-cü ildə
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə
iştirak etmək üçün Azərbaycana işgüzar səfər, cari ilin 22-23 iyun tarixlərində isə dövlət səfəri
edib. Dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov
prezidentlərin Birgə Bəyanatını imzalayıblar. Eləcə də müxtəlif əməkdaşlıq sahələrini əhatə
edən 12 sənəd imzalanıb.
Ötən ilin 6-7 oktyabr tarixlərində Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının
Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə türkmən xalqının
Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanda səfərdə olub. Qəbələdə Prezident İlham Əliyev, Türkmənistan Xalq
Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət
Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçılarının
iştirakı ilə Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli
qoyulub. Hazırda tikinti işləri davam edir və tikinti işlərinin 2027-ci ilin may ayında
yekunlaşması gözlənilir. Bu addım iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin,
dini-mənəvi həmrəyliyin və humanitar əməkdaşlığın bariz nümunəsi və Qarabağın yenidən
bərpasına töhfə kimi yüksək qiymətləndirilir.
2026-cı il oktyabrın 8-də Türkmənistanın “Avaza” Milli Turizm Zonasında Mərkəzi Asiya
və Azərbaycan Dövlət Başçılarının VIII Məşvərət görüşü keçirilir. Sammit Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan liderlərini bir araya gətirir.
Bu, Azərbaycanın tamhüquqlu iştirakçı statusunda qatıldığı ilk rəsmi Məşvərət görüşüdür.
Buna görə də Avaza sammiti beştərəfli mexanizmdən altıtərəfli regional tərəfdaşlıq modelinə
keçidi rəsmiləşdirən mühüm siyasi hadisədir. VIII görüşün gündəliyi region dövlətlərinin
üzləşdiyi əsas siyasi, iqtisadi və ekoloji çağırışları əhatə edir. Dövlət başçılarının regional və
beynəlxalq təhlükəsizlik, siyasi-diplomatik əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı ticarətin
artırılması, investisiya və enerji əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə etməsi
nəzərdə tutulur. Dayanıqlı nəqliyyat-logistika dəhlizlərinin inkişafı və Xəzər dənizi üzərindən
bağlantıların genişləndirilməsi sammitin əsas istiqamətlərindəndir. Ətraf mühitin qorunması,
iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma, Amudərya və Sırdərya çaylarının su
ehtiyatlarından səmərəli istifadə və Aral dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması da
gündəlikdə mühüm yer tutur. Mədəniyyət, təhsil, elm, gənclər və tələbə mübadilələrinin
genişləndirilməsi isə siyasi-iqtisadi tərəfdaşlığın ictimai əsaslarını möhkəmləndirməyə xidmət
edir. Avaza görüşünün strateji əhəmiyyəti onun yalnız mövcud münasibətləri qiymətləndirməsi
ilə məhdudlaşmır. Sammit Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi koordinasiyanın
gücləndirilməsi, Orta Dəhlizin imkanlarının artırılması və altı ölkənin potensialının vahid
əməkdaşlıq məkanında birləşdirilməsi üçün yeni imkanlar yaradır.
Xatırladaq ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü platforması ilk dəfə
2018-ci ildə Qazaxıstanın paytaxtı Astana şəhərində təsis edilib. İndiyədək 7 rəsmi və 1 qeyri-
rəsmi görüşün təşkili bu mexanizmin region dövlətləri arasında siyasi dialoqun əsas
sütunlarından birinə çevrildiyini sübut edir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə
qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində keyfiyyətcə yeni mərhələ
açıb. Rəsmi Bakının bu platforma ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl
və məqsədyönlü şəkildə inkişaf edib. Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə keçirilən
V, 2024-cü ildə isə Astanada təşkil olunan VI Məşvərət görüşündə fəxri qonaq qismində iştirak
və çıxış edib. Bu fəal iştirak Azərbaycanın Mərkəzi Asiya regionu ilə siyasi dialoqa və dərin
inteqrasiya proseslərinə verdiyi üstün əhəmiyyətin bariz göstəricisidir. 2025-ci il noyabrın 16-
da Özbəkistanın Daşkənd şəhərində keçirilən VII Məşvərət görüşündə Azərbaycanın
platformada tamhüquqlu iştirakı barədə tarixi qərar qəbul edilib. Bu adımla əvvəllər "C5"
formatında olan əməkdaşlıq mexanizmi Azərbaycanın qoşulması ilə faktiki olaraq "C6"
formatına çevrilərək Avrasiya regionunda daha geniş geoiqtisadi məzmun kəsb etməyə
başlayıb.
Könül Əsədova,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi