Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan
münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional
əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya
dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın artıq bu formatda kənardan
tərəfdaş deyil, regional proseslərin birbaşa iştirakçısı kimi çıxış etdiyini göstərir.
Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı mərhələsinin əsas xüsusiyyəti siyasi
dialoqun iqtisadi və nəqliyyat layihələri ilə tamamlanmasıdır. 2026-cı ilin iyununda
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri zamanı iki
ölkə arasında münasibətlərin geniş gündəliyi müzakirə edilib, enerji, nəqliyyat, ticarət, mədəni-
humanitar əlaqələr və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılıqlar
əldə edilib.
Prezident İlham Əliyev həmin görüşdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları
Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın dəstəyini xüsusi qeyd
edərək bunu tarixi hadisə adlandırmışdı. Bu kontekstdə Türkmənistanın Azərbaycan üçün
xüsusi əhəmiyyəti onun Xəzərin digər sahilində yerləşən və Mərkəzi Asiyanın böyük iqtisadi
potensialını Azərbaycan üzərindən Qafqaz və Avropa istiqaməti ilə birləşdirə bilən ölkə
olmasıdır. Bakı-Türkmənbaşı bağlantısı, Orta Dəhliz, Xəzər üzərindən yükdaşımaların
genişləndirilməsi və rəqəmsal tranzit imkanları iki ölkənin maraqlarının kəsişdiyi əsas
sahələrdir. 2026-cı ilin iyulunda Azərbaycan və Türkmənistan arasında tranzit daşımalarında
eTIR sisteminin, yəni beynəlxalq avtomobil yükdaşımalarında gömrük prosedurlarını
rəqəmsallaşdırılmasının tətbiqinə başlanması da nəqliyyat əməkdaşlığının praktiki mərhələyə
keçdiyini göstərən nümunələrdəndir.
Enerji sahəsi də münasibətlərin mühüm istiqamətlərindəndir. Türkmənistan böyük təbii
qaz ehtiyatlarına malikdir, Azərbaycan isə enerji resurslarının beynəlxalq bazarlara çıxarılması
üçün formalaşmış infrastruktur və tranzit imkanlarına sahibdir. Bundan əlavə, gələcək
əməkdaşlıq yalnız ənənəvi enerji ilə məhdudlaşmaya, Xəzərin enerji potensialı və yaşıl enerji
layihələri istiqamətində də genişlənə bilər.
Münasibətlərin digər mühüm tərəfi siyasi etimaddır. İki ölkə beynəlxalq təşkilatlarda bir-
birinin təşəbbüslərini dəstəkləyir, Türkmənistanın neytral xarici siyasətinə Azərbaycan
tərəfindən verilən siyasi dəstək də bu dialoqun mühüm elementidir. İkitərəfli münasibətlərin
humanitar ölçüsü də genişlənir. 2026-cı ildə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi,
Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi kimi layihələr bunun bariz sübutudur.
Ona görə də İlham Əliyevin hazırkı səfərini təkcə növbəti yüksək səviyyəli diplomatik
təmas kimi qiymətləndirmək kifayət deyil. Səfər Azərbaycanın Mərkəzi Asiya ilə
münasibətlərində Xəzər bağlantısının daha sistemli şəkildə qurulması strategiyasının
davamıdır. Türkmənistan isə bu strategiyada həm enerji və nəqliyyat baxımından, həm də
Mərkəzi Asiyanın regional əməkdaşlıq mexanizmlərinə inteqrasiya baxımından xüsusi yer
tutur.
Mirnizami Ağayev,
Sabirabad şəhər sakini, təqaüdçü