Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Türkiyədə təşkil olunmuş "İstanbul İqtisadi Forumu"nda iştirak edib.
1xeber.media AMB-yə istinadən xəbər verir ki, o, forum çərçivəsində "Qeyri-müəyyənlik şəraitində pul siyasəti" mövzusunda keçirilən panel müzakirəsində çıxış edib, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliklər və geosiyasi risklərin Azərbaycan iqtisadiyyatına, eləcə də həyata keçirilən pul siyasətinə təsirləri barədə fikirlərini bölüşüb.
T.Kazımov belə bir şəraitdə qiymət və makroiqtisadi sabitliyin qorunmasının, inflyasiya gözləntilərinin effektiv idarə edilməsinin, çevik qərarvermənin, həmçinin mərkəzi bankların şəffaf və effektiv kommunikasiyasının əhəmiyyətini vurğulayıb.
Sədr qlobal çağırışlarla səciyyələnən dəyişkən mühitdə dayanıqlılıq və institusional etibarlılığın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin mərkəzi banklar arasında beynəlxalq dialoqun gücləndirilməsinin vacibliyini vurğulayaraq, forumun bu istiqamətdə mühüm platforma olduğunu bildirib.
Türkiyə Mərkəzi Bankının təşkil etdiyi, 2 gün davam edən "İstanbul İqtisadi Forumu" müxtəlif ölkələrin mərkəzi banklarının və beynəlxalq maliyyə institutlarının rəhbərlərini bir araya gətirib. Qlobal iqtisadi perspektivlər, pul siyasəti, maliyyə sabitliyi, süni intellektin iqtisadiyyata təsirləri və beynəlxalq ticarətdə mövcud çağırışlar forumun əsas müzakirə mövzuları olub.