1xeber.media 1business.media -ın instagram səhifəsinə istinadən xəbər verir ki, bəzi şirkətlər əməkdaşlarına maaşla yanaşı, şirkətdə pay sahibi olmaq imkanı da yaradır. Bu halda işçi şirkətin gələcək qazancından pay əldə edə bilər.
Bəs əməkdaş işdən ayrıldıqda həmin payı itirə bilərmi?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə bildirib ki, əmək müqaviləsi əsasında işçiyə şirkətdə pay verilməsi qanunidir və Mülki Məcəlləyə zidd deyil.
Onun sözlərinə görə, qanunvericilik müqavilə azadlığı prinsipini nəzərdə tutur. Tərəflər əmək müqaviləsinə qanunvericiliyə zidd olmayan şərtlər daxil edə bilərlər. Belə halda həm əmək, həm də mülkiyyət münasibətləri yaranır.
İşçiyə verilən pay onun şəxsi mülkiyyəti hesab olunur. Müqavilədə fərqli şərt göstərilməyibsə, əməkdaş işdən ayrıldıqdan sonra da həmin pay üzərində mülkiyyət hüququnu saxlayır.
Cavanşir Qasımzadə qeyd edib ki, bu cür müqavilələrdə işçinin şirkətdən ayrılması zamanı payını digər əməkdaşlara və ya işəgötürənə satması barədə şərt nəzərdə tutula bilər.
Belə satış real bazar dəyərinə uyğun aparılmalıdır. Müqavilədə payın satılması ilə bağlı şərt yoxdursa, işçi həmin payın sahibi olaraq qalır. Əmək münasibətlərinə xitam verilməsi şəxsin mülkiyyət hüququnu avtomatik olaraq aradan qaldırmır.