Вернуться назад Распечатать

Maykl Ceksonun məşhur gödəkçəsi hərraca çıxarılır

1xeber.media xəbər verir ki, pop musiqisinin əfsanəsi Maykl Ceksonun səhnə geyimləri, o cümlədən “Thriller” klipində geyindiyi qırmızı-qara gödəkçə dekabrın 7-də Əbu-Dabidə keçiriləcək hərracda satışa çıxarılacaq.

“People” jurnalının məlumatına görə, hərracda müğənninin musiqi tarixində iz qoymuş çıxışları ilə əlaqəli bir sıra əşyalar təqdim olunacaq.

1983-cü ildə yayımlanan “Thriller” klipində istifadə edilən gödəkçə Ceksonun ən tanınan səhnə geyimlərindən biri hesab olunur. Geniş çiyinləri, həndəsi xətləri və qırmızı-qara dəri dizaynı ilə seçilən geyim rəssam Debora Nadulman Lendisin müəllifliyi ilə hazırlanıb. Klipin böyük uğurundan sonra gödəkçə 1980-ci illərin pop mədəniyyətinin simvollarından birinə çevrilib.

Hərraca müğənninin 1983-cü ildə “Motown 25” televiziya proqramında çıxışı ilə bağlı əşyalar da çıxarılacaq. Həmin çıxış zamanı Cekson məşhur “ay yerişi” hərəkətini nümayiş etdirmişdi. Satışa təqdim olunacaq əşyalar arasında strazlarla bəzədilmiş əlcək və onun səhnə obrazının ayrılmaz hissəsinə çevrilmiş qara ayaqqabılar da var.

Bundan başqa, “Thriller” klipinin çəkilişlərində istifadə olunan ayaqqabılar və müğənninin digər səhnə aksesuarları da hərracın lotları sırasında yer alacaq.

Maykl Ceksonun səhnə geyimləri musiqi tarixinin kolleksiya əşyaları hesab olunur. Bu əşyalar yalnız müğənninin pərəstişkarları deyil, həm də pop mədəniyyəti və musiqi tarixi ilə maraqlanan kolleksiyaçılar üçün xüsusi əhəmiyyət daşıyır.