1xeber.media xəbər verir ki, Monteneqronun Baş naziri Miloyko Spaiç “Rıbar” informasiya şəbəkəsinin yaradıcısı Mixail Zvinçukun saxlanıldığını təsdiqləyib. Bu barədə o, oktyabrın 9-da “X” sosial şəbəkəsində paylaşım edib.
Hökumət başçısı əməliyyatın uğurla başa çatdığını bildirərək, saxlanılmanı ölkənin milli maraqlarının və Avropaya inteqrasiya istiqamətinin qorunması ilə əlaqələndirib.
Spaiçin sözlərinə görə, Monteneqronun Avropaya inteqrasiya prosesi zamanı ölkədə sabitliyi pozmağa və hibrid təsir göstərməyə yönələn cəhdlərlə qarşılaşdığı iddia olunur. O, hadisə ilə bağlı tələsik nəticələr çıxarmamağa çağırıb və istintaqın təfərrüatlarının təhlükəsizlik qurumlarının səlahiyyətində qalacağını vurğulayıb.
Baş nazirin açıqlamasına görə, hadisə ilə bağlı ciddi şübhələr araşdırılır. Monteneqro mediasının məlumatına əsasən, əməliyyat zamanı Zvinçukla yanaşı, həyat yoldaşı Valeriya Zvinçuk və daha üç nəfər saxlanılıb. Təhlükəsizlik qurumları onların mümkün hibrid fəaliyyətlə əlaqəsini araşdırır.