Вернуться назад Распечатать

Ombudsmanın nümayəndəsi Pəncab Ombudsmanı Ofisinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadə Pakistan İslam Respublikasının Pəncab əyalətinin Ombudsman təsisatının 30 illiyinə həsr olunmuş “Ombudsman institutlarının hesabatlılığın, idarəçiliyin və vətəndaşlarının hüquqlarının gücləndirilməsində rolu” mövzusunda beynəlxalq konfransda iştirak edib.

1xeber.media xəbər verir ki,tədbirdə “Ombudsman təsisatlarının gücləndirilməsində ən yaxşı institusional təcrübələr” mövzusu üzrə paneldə çıxış edən Aparat rəhbərinin müavini Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın Pəncab əyalətinin Ombudsman təsisatının 30 illiyi münasibətilə təbriklərini çatdırıb, Azərbaycan və Pakistan arasında insan hüquqları sahəsində də geniş əməkdaşlığın olduğu, bu istiqamətdə ombudsman təsisatları arasında əməkdaşlığın uğurla inkişaf etdirildiyini vurğulayıb.
O, Azərbaycan Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi geniş fəaliyyət və ölkədə formalaşdırılan müsbət təcrübələr barədə tədbir iştirakçılarına təqdimat edib. Müvəkkilin Milli Preventiv Mexanizm, informasiya əldə etmək hüququ, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin  funksiyalarını həyata keçirilməsi sahəsində fəaliyyəti barədə məlumat verib.
Süni intellekt texnologiyalarının insan həyatının müxtəlif sahələrinə sürətlə inteqrasiyası, insan hüquq və azadlıqlarının müdafiəsi qarşısında yeni çağırışların yaranması, Ombudsman təsisatı olaraq, inklüziv yanaşmaların və rəqəmsal mühitdə təhlükəsizliyin təşviqi sahəsində görülən işlər konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
R.Rumzadə Azərbaycan Ombudsmanının beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə əməkdaşlığına diqqət çəkərək, insan hüquqları sahəsində fəaliyyət göstərən təşkilatların qarşılıqlı təcrübə mübadiləsinin müvafiq sahədə yaxşı idarəçiliyin təmininə xidmət etdiyini, insan hüquq və azadlıqlarının müdafiəsinə böyük töhfə verəcəyini söyləyib.