Вернуться назад Распечатать

“1150 yerlik məktəbdə 3 mindən çox şagird oxuyur”

“Bakının Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli məktəb 1150 şagird üçün nəzərdə tutulsa da, illərdir 3000-dən çox şagird təhsil alır. Sinif otaqları çatmır, dərslər 2 növbə edilib. Hər sinifdə də ən az 35-38 uşaq... Bu vəziyyətdə keçirilən dərsin nə keyfiyyəti olacaq?”

Bu şikayətlə ,1xeber.media unikal-a istinadən xəbər verir ki övladı həmin məktəbdə təhsil alan bir qrup valideyn müraciət edib. 

Onların sözlərinə görə, qəsəbədə 304 nömrəli məktəb tikilsə də, illərdir istifadəyə verilmir. Şikayətçilər bildirirlər ki, 113 nömrəli məktəbin problemləri isə təkcə sıxlıqla bağlı deyil. Təhsil müəssisəsində ixtisas müəllimləri çatışmadığından bəzi dərslər boş keçir: “Bu il məktəbdə bəzi fənn müəllimləri çatışmır, vakant yerlərə müəllim götürülməyib deyə dərslərin ixtisas müəllimi tərəfindən tədrisində çətinliklər var. Bir çox dərslər isə boş keçir. Məktəbin həyəti böyükdür, ərazidə yeni korpus tikilə bilər və ya qəsəbədəki məktəbi istifadəyə versələr, yük bir az azalar”.

Sadalanan problemlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 113 nömrəli tam orta ümumtəhsil məktəb üzrə siniflərdə şagird sayı ərazidə yaşayan uşaqların icbari təhsil hüququnun təmin olunması nəzərə alınaraq müəyyənləşdirilib: “İkinövbəli iş rejmində fəaliyyət göstərən məktəbdə növbələrarası dərslər də keçirilir. Məktəbin dərs günləri və növbəli iş rejimi müəssisənin layihə tutumu və təhsilalanların sayı əsasında təhsil müəssisəsinin Pedaqoji Şurasının verdiyi qərara əsasən tənzimlənir.

Məktəbdə tədris prosesində fasiləsizliyin təmin edilməsi, müvəqqəti kadr çatışmazlığı səbəbindən dərs prosesinin pozulmaması və məsələnin ən qısa müddətdə həllini tapması istiqamətində zəruri tədbirlər görülür. 8 vakant yer üzrə 4 müəllim işə qəbul olunub. Məktəb üzrə vakansiya təminatı davam etdirilir”.

İdarədən həmçinin bildirilib ki, mövcud ehtiyaclar nəzərə alınaraq qəsəbədəki 304 nömrəli tam orta ümumtəhsil məktəbin istifadəyə verilməsi məsələsi də diqqət mərkəzindədir.