Вернуться назад Распечатать

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... - RƏSMİ AÇIQLAMA

Paytaxtın ictimai nəqliyyat sistemində nağdsız ödənişlərin tətbiqi sərnişinlər tərəfindən məmnuniyyətlə qarşılansa da, validatorların işində mütəmadi olaraq yaranan texniki problemlər hələ də tam həllini tapmayıb.

1xeber.media  Ölkə.az-a istinadla xəbər verir ki, bir çox sərnişin avtobusa minərkən bank kartında balans olduğu halda “kart oxunmur” bildirişi ilə qarşılaşır və keçid uğursuz olur. Belə ki, alternativ vasitələrlə ödəniş etdikdə isə günün sonunda hər iki və ya üç cəhdin hər birindən pulun silindiyi görünür.
Bir sıra vətəndaşlar bəzi hallarda 60 qəpiklik yolun 2 manata qədər xərclə başa gəldiyini deyirlər. Bu hal gün ərzində bir çox sərnişinin başına gəlir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqladığı son statistikaya görə, tədris ilinin başladığı gün, yəni sentyabrın 15-də avtobuslarla 2 milyondan çox sərnişin səfəri qeydə alınıb. “BakuBus” MMC-yə məxsus avtobuslarda isə bu rəqəm 993 812 nəfər olub. Sonrakı günlərdə isə rəqəmin təqribən buna yaxın olduğunu düşünsək, hər gün ciddi bir məbləğin “buxarlandığını” deyə bilərik.
Maraqlıdır ki, bu kimi hallarda banklar günahı avtobus daşıyıcılarının və ya “Bakubus”ın üzərinə atırlar.
Biz də mövcud problemlə bağlı “Bakubus” MMC-nin mətbuat xidmətinə müraciət etdik. MMC-nin mətbuat katibi Əsmər Əliyeva Ölkə.az-ın sorğusuna cavab olaraq bildirib ki, avtobuslarda quraşdırılmış ödəniş validatorlarında “Kart etibarsızdır” bildirişinin yaranmasının bir neçə səbəbi ola bilər:
“Sərnişinlər ödəniş zamanı müəyyən məqamlara diqqət etməlidirlər. İlk növbədə, bank kartı validatora yaxınlaşdırılarkən QR kodun oxunduğu hissəyə deyil, cihazın kart ödənişləri üçün nəzərdə tutulmuş aşağı hissəsinə yaxınlaşdırılmalıdır.
Bundan əlavə, kartın fiziki olaraq zədələnməsi və ya çipinin oxunmaması da “Kart etibarsızdır” bildirişinin yaranmasına səbəb ola bilər. Bu səbəbdən sərnişinlərin kartdan istifadə zamanı onun fiziki vəziyyətinə və validatora düzgün yaxınlaşdırılmasına diqqət etmələri tövsiyə olunur”.
Qurum nümayəndəsi ödənişin qəbul edilməməsinə baxmayaraq, sonradan bank kartından vəsaitin tutulması, eləcə də əlavə və ya təkrar məbləğlərin çıxılması ilə bağlı hallarda sərnişinlərin aidiyyəti ödəniş sisteminə məsul quruma və ya kartın məxsus olduğu banka müraciət etmələrini tövsiyə edib:
“Xüsusilə qeyd edirik ki, bank kartları vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının emalı, vəsaitlərin tutulması və geri qaytarılması ilə bağlı məsələlər “BakuBus” MMC-nin səlahiyyətlərinə daxil deyil”.