Вернуться назад Распечатать

Məktəblərdə dünyəvilik müzakirəsi: Əsas Qanunumuz – Konstitusiya nə deyir?

Nazirlər Kabinetinin orta məktəblərdə vahid geyim forması və dünyəvilik prinsipləri ilə bağlı qəbul etdiyi son qərar ölkə gündəmindəki aktuallığını qoruyur. Sosial şəbəkələrdə və ictimaiyyət arasında aparılan müzakirələrdə tərəflər tez-tez hüquqi arqumentlərə, xüsusilə də dövlətin Əsas Qanununa müraciət edirlər. Bəs Azərbaycan Respublikasının Konstitusiyası bu barədə nə deyir?

1xeber.media xatırladır ki,Azərbaycan Respublikası öz dövlət quruluşuna və idarəetmə sisteminə görə dünyəvi dəyərlərə əsaslanır. Hazırda məktəblərdə dini simvollar və geyim elementləri ətrafında gedən müzakirələrin hüquqi müstəvidə tənzimlənməsi birbaşa Konstitusiyanın fundamental maddələrinə söykənir.
Dövlətin dünyəvi xarakteri
Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bu maddə ölkədə hüquq sisteminin və dövlət idarəçiliyinin heç bir dini ideologiyaya və ya qanuna əsaslanmadığını təsbit edir.
Din və təhsil sisteminin ayrılması
Əsas Qanunun 18-ci maddəsi isə ölkədə din və dövlət münasibətlərini tənzimləyir. Maddəyə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda, Konstitusiyanın 42-ci maddəsində (Təhsil hüququ) açıq şəkildə qeyd olunur ki, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Bu o deməkdir ki, dövlət təhsil müəssisələri dini təbliğatdan uzaq olmalı, burada tədris və nizam-intizam qaydaları elmi və dünyəvi əsaslarla qurulmalıdır.
Ekspertlər nə deyir?
Hüquqşünaslar və təhsil ekspertləri bildirirlər ki, Nazirlər Kabinetinin məktəbli formaları ilə bağlı dünyəvilik tələbi məhz Konstitusiyadan irəli gələn prinsiplərin icrasını təmin etmək məqsədi daşıyır. Vahid forma tələbi məktəblilər arasında sosial, maddi və dini fərqliliklərin qabardılmasının qarşısını almaq üçün mühüm alət hesab olunur.
Bununla belə, cəmiyyətdə dünyəvilik prinsiplərinin qorunması ilə vətəndaşların vicdan azadlığı və təhsil hüququ arasında balansın düzgün tapılmasının vacibliyi də vurğulanır.