Azərbaycan Respublikası konstitusion əsaslarına görə dünyəvi dövlət olsa da, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinə, dini inanclarına və tarixi irsinə hər zaman ən yüksək səviyyədə hörmət və qayğı nümayiş etdirir. Son dövrlər təhsil mühitində dünyəvi prinsiplərin qorunması istiqamətində aparılan müzakirələr fonunda ekspertlər dövlətimizin dinə və mənəviyyata olan fundamental, humanist yanaşmasını xüsusilə vurğulayırlar.
1xeber.media bildirir ki,Azərbaycan modeli dünyəviliklə dini azadlıqların qarşı-qarşıya qoyulduğu deyil, tam əksinə, onların bir arada harmonik şəkildə inkişaf etdiyi unikal bir nümunədir.
Qarabağ və Şərqi Zəngəzurda ucalan minarələr
İctimaiyyətdə böyük rəğbətlə qarşılanan "Dünyəvi, amma imanlı dövlət" tezisi tarixi faktlara əsaslanır. Azərbaycan dövlətinin öz mənəvi köklərinə sadiqliyinin ən parlaq sübütü işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləridir. Otuz illik işğal dövründə dağıdılmış və təhqir olunmuş tarixi-dini abidələrimizin, məscidlərimizin bərpası elə ilk günlərdən dövlətin prioritet vəzifəsinə çevrilib. Şuşada, Ağdamda, Zəngilanda və digər azad olunmuş ərazilərimizdə məscidlərin yenidən inşası və bərpası dövlətin öz xalqının inancına və tarixinə olan sonsuz ehtiramının göstəricisidir.
"Bizim vəzifəmiz mane olmamaqdır"
Mütəxəssislər qeyd edirlər ki, dövlət daxili nizam-intizam qaydalarını və dünyəvi prinsipləri qoruyarkən, eyni zamanda vətəndaşların dini dəyərlərini yaşatması üçün hər cür şərait yaradır. Bu məqamda vətəndaşların və cəmiyyətin üzərinə düşən əsas vəzifə dövlətin bu balanslı, mütərəqqi siyasətinə mane olmamaq, kənar dairələrin və teokratik rejimlərin bu mövzunu manipulyasiya etməsinə yol verməməkdir.
Azərbaycan dövləti həm elmi və müasir çağırışlara cavab verən dünyəvi sistemini qoruyur, həm də xalqımızın imanını, milli-mənəvi kimliyini gələcək nəsillərə ötürür. Bu sarsılmaz vəhdət ölkəmizin daxili sabitliyinin və milli gücünün ən mühüm rəmzidir.