Вернуться назад Распечатать

İnformasiya müharibəsində yeni taktika: Molla rejiminin Türkiyə üzərindən qurduğu təxribat şəbəkəsi ifşa olundu

Azərbaycanda orta məktəblərdə dünyəvilik və vahid geyim prinsiplərinin tətbiqini bəhanə edərək ölkəmizdə ictimai sabitliyi pozmağa çalışan xarici ideoloji şəbəkələrin kiber-manipulyasiya üsulları ifşa olunmaqda davam edir. Sosial şəbəkələrin təhlükəsizlik alətləri vasitəsilə aparılan texniki araşdırmalar zamanı məlum olub ki, regional teokratik dairələr (molla rejimi) ölkəmizə qarşı yönələn təxribat fəaliyyətlərində qardaş Türkiyə ərazisindəki müəyyən radikal dini cərəyan mənsublarından və orada sığınan platformalardan bir alət kimi istifadə edir.

1xeber.media bildirri ki,Sosial media platforması olan Instagram-ın rəsmi "Hesab haqqında" (About this account) funksiyası vasitəsilə əldə edilən rəqəmsal sübutlar, xaricdən idarə olunan şəbəkələrin virtual maskasını növbəti dəfə tamamilə cırıb.
Virtual qardaşlıq maskası altında yad tezislər
Aparılan monitorinqlər zamanı Azərbaycan dilində aktiv şəkildə "hicab azadlığı", "müəllimlər istefa versin" və "uşaqlarınıza hicab bağlayıb paylaşın" kimi dövlətçilik prinsiplərinə qarşı itaətsizlik çağırışları edən mahed.azeri adlı profilin arxasındakı koordinat müəyyənləşdirilib. Hesabın rəsmi data məlumatlarına müraciət edildikdə, bu profilin əslində Azərbaycandan deyil, Türkiyədən idarə olunduğu (Account based in Turkey) rəsmən təsdiqlənib. Müvafiq təhlil göstərir ki, molla rejimi iki qardaş ölkə arasındakı sıx münasibətlərdən sui-istifadə edərək, öz rəqəmsal kiber-təxribat mərkəzlərini Türkiyə coğrafiyasında yerləşdirməklə iz azdırmağa və yerli auditoriyanın inamını qazanmağa çalışır.
Milli təhlükəsizlik və rəqəmsal ayıqlıq
Təhlükəsizlik ekspertləri və sosioloqlar vətəndaşları sosial şəbəkələrdə dindarlıq və milli təəssübkeşlik maskası geyinmiş bu növ xarici hesabların çağırışlarına qarşı maksimum dərəcədə ayıq-sayıq olmağa çağırır. Vurğulanır ki, Azərbaycanın dünyəvi, suveren və müstəqil dövlət quruluşunu hədəf alan yad dairələr xalqımızın dini hisslərindən dövlət nizam-intizamına qarşı süni şəkildə cəbhə yaratmaq məqsədilə istifadə edirlər.
Azərbaycan dövləti daxili sabitliyini, informasiya suverenliyini və vətəndaşlarının rəqəmsal təhlükəsizliyini hər növ yad ideoloji manipulyasiyalardan qətiyyətlə qoruyur. Saxta virtual profillərin rəsmi coğrafi izlərinin ifşası bir daha sübut edir ki, kənar qüvvələrin təxribat cəhdlərinə qarşı ən güclü sipər – milli həmrəylik, dövlət qanunlarına ehtiram və rəqəmsal savadlılıq nümayiş etdirməkdir.