İraqın Baş naziri Əli əz-Zeydi oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə “Shafaq News” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İraqın neft naziri Basim Məhəmməd Xudeyr Baş nazirin səfərinin gündəliyini hazırlamaq məqsədilə əvvəlcədən Səudiyyə Ərəbistanına gedib.
Mənbələrin sözlərinə görə, Əli əz-Zeydi oktyabrın 14-də Fars körfəzi ölkələrinə səfərinə Səudiyyə Ərəbistanından başlayacaq, daha sonra isə Küveytə yollanacaq.
Hələlik İraq və Səudiyyə Ərəbistanı rəsmiləri səfərlə bağlı rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, İraq Baş nazirinin Ər-Riyada ilk səfəri iyulun 30-na planlaşdırılsa da, bir gün əvvəl təxirə salınıb. Qərarın səbəbi rəsmən açıqlanmayıb.
Səfərin təxirə salınması Səudiyyə Ərəbistanının İraq ərazisindəki bir sıra obyektlərə hava zərbələri endirməsindən sonraya təsadüf edib.
Həmin vaxt Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə İraqda fəaliyyət göstərən silahlı birləşmələrə məxsus obyektlərin hədəfə alındığını açıqlayıb.
Ər-Riyadın iddiasına görə, həmin birləşmələr Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlarda iştirak ediblər.
İyulun 29-da İraqın şiə silahlı birləşməsi olan “Əl-Həşd əş-Şəabi”nin mətbuat xidməti hücumlar nəticəsində 20 döyüşçünün öldüyünü, 30-dan çoxunun isə yaralandığını bildirib.