Вернуться назад Распечатать

Çin Tayvanla əlaqələrə görə iki ölkənin rəsmisinə sanksiya tətbiq etdi

1xeber.media xəbər verir ki, Çin hakimiyyəti Paraqvayın rabitə naziri Qustavo Villate və Belizin xarici işlər naziri Frensis Fonsekaya Tayvanla diplomatik əlaqələrə dəstək verdiklərinə görə sanksiyalar tətbiq edib. 

Reuters-in məlumatına görə, məhdudiyyətlər həmin şəxslərin Çinlə yanaşı Honkonq və Makaoya səfərlərinə qadağa qoyulmasını, eləcə də Çin təşkilatları və vətəndaşları ilə əməkdaşlıqlarının məhdudlaşdırılmasını nəzərdə tutur.

Pekin bu addımı milli suverenliyin və təhlükəsizliyin qorunması ilə əsaslandırıb. Çin hakimiyyəti Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və digər ölkələrin ada ilə rəsmi münasibətlər qurmasına qarşı çıxır. Tayvan rəhbərliyi isə Pekinin bu mövqeyini qəbul etmir.

Paraqvay və Beliz Tayvanla rəsmi diplomatik münasibətləri saxlayan azsaylı dövlətlər sırasındadır. Sanksiyalar həmin ölkələrin rəsmilərinin Tayvan nümayəndələri ilə keçirdiyi görüşlərdən sonra elan olunub.

Hadisə Pekinin Tayvanın beynəlxalq əlaqələrini məhdudlaşdırmaq istiqamətində diplomatik təzyiqləri davam etdirdiyini göstərir.