Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin təmin olunması, nizam-intizamın gücləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
1xeber.media “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu fikirlər müəllimlərin sosial şəbəkələrdə vahid məktəbli forması ilə bağlı paylaşımlarında əksini tapıb.
Müəllim Bəşir Qasımov vahid məktəbli formasını birlik və nizam-intizamın təcəssümü kimi qiymətləndirib. O bildirib ki, vahid geyim şagirdlər arasında bərabərliyi, məktəbə bağlılığı və məsuliyyət hissini gücləndirir.
Aysel Dünyamaliyeva və Lala Quliyeva isə vahid formanın hər bir uşağın özünü məktəb kollektivinin bərabərhüquqlu üzvü kimi hiss etməsinə xidmət etdiyini vurğulayıblar. Onların fikrincə, məktəbli forması bütün ailələr üçün əlçatan olmalı, uşaqlar arasında fərq deyil, birlik yaratmalıdır.


Müəllimlər Aliya Əhmədova və Azadə Abdinova vahid geyimin sosial-iqtisadi fərqlərin və ayrı-seçkilik risklərinin azalmasına, şagirdlərdə məktəb kimliyi və kollektivə aidlik hissinin formalaşmasına müsbət təsir göstərdiyini qeyd ediblər.


Digər paylaşımlarda da vahid geyimin məktəb mədəniyyətinin inkişafı və təhsilə diqqətin artırılması baxımından əhəmiyyəti ön plana çəkilib. Seymur Alışov məktəbdə əsl birliyin qarşılıqlı hörmət və sağlam münasibətlərlə formalaşdığını, Azad Ağamalıyev isə eyni formanın həm gözəllik, həm də bərabərlik göstəricisi olduğunu bildirib.
Müəllimlər İradə Rəcəbova, Gülşən Allahverdiyeva və Rövşən Balayev də məktəb mühitində vahid geyim qaydalarının nizam-intizamın, məsuliyyətin və təhsilə uyğun davranış mədəniyyətinin formalaşmasına xidmət etdiyini vurğulayıblar.