Son günlər cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə orta məktəblərdə vahid geyim forması və dünyəvilik prinsipləri ilə bağlı Nazirlər Kabinetinin qərarı ətrafında süni bir ajiotaj yaradılmağa çalışılır.
Bir vətəndaş və aydın düşüncəli bir fərd kimi, dövlətimizin təhsil müəssisələrində nizam-intizamı, bərabərliyi və dünyəviliyi qorumaq istiqamətində atdığı bu addımı tamamilə dəstəkləyirəm.
Biz xatırlamalıyıq ki, Azərbaycan Respublikası Konstitusiyasına görə dünyəvi dövlətdir və bizim təhsil sistemimiz də məhz bu fundamental prinsipə söykənir. Məktəb mollaxana və ya mədrəsə deyil! Məktəb – uşaqların dini, irqi, sosial mənsubiyyətindən asılı olmayaraq, yalnız elm, bilik və dünyəvi tərbiyə aldığı müqəddəs bir məkandır. Burada hamı bərabərdir və bu bərabərliyin ən bariz rəmzi məhz vahid məktəbli formasıdır.
Ən acınacaqlısı isə odur ki, bəzi qüvvələr hələ tam formalaşmamış, doğru ilə yanlışı ayırd edə bilməyən azyaşlı uşaqları öz çirkin siyasi oyunlarına və pis əməllərinə alət edirlər.
Uşaqların əlinə plakatlar verib onları küçələrə tökmək, məktəb rəhbərliyinə qarşı qaldırmaq və din pərdəsi altında cəmiyyətdə çaxnaşma yaratmaq birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu, səmimi dini inanc məsələsi deyil; bu, xarici və ya daxili müəyyən radikal qrupların dövlətin dünyəvi sütunlarını sarsıtmaq üçün apardığı məqsədyönlü təbliğatdır.
Övladını məktəbə deyil, sanki dini bir ritual mərkəzinə göndərirmiş kimi davranan, dövlətin qanunlarına meydan oxuyan valideynlər və onları pərdə arxasından idarə edənlər ifşa olunmalıdır. Hər kəsin vicdan və dini etiqad azadlığı var, ölkəmizdə heç kimin fərdi inancına qarışılmır. Amma dövlət müəssisəsinin, xüsusən də elm ocağının öz qanunları var və hər bir vətəndaş bu qanunlara tabe olmağa borcludur.
Biz cəhalətə, xurafata və uşaqlarımızın parlaq gələcəyini qaranlığa sürükləmək istəyənlərə icazə verməməliyik. Dövlətimizin dünyəvi təhsil qərarı gələcək nəsillərin azad, elmi və sağlam düşüncəli böyüməsi üçün atılmış ən doğru addımdır.
Aidə Tofiqqızı