Вернуться назад Распечатать

Qara dənizdə dron hücumu: gəmi batdı

1xeber.media xəbər verir ki, Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında iki gəmi dron hücumuna məruz qalıb. Hadisə nəticəsində gəmilərdən biri batıb, digər gəminin heyəti isə təxliyə edilib.

Reuters-in oktyabrın 13-də yaydığı məlumata görə, Bolqarıstanın Baş naziri Rumen Radev hücumların səhər saatlarında baş verdiyini bildirib. Batmış gəminin heyətindən bir nəfər xilas edilib. Gəmidə olan digər şəxslərin taleyi barədə ilkin açıqlamada ətraflı məlumat verilməyib.

Hədəfə alınan ikinci gəmi Maltanın bayrağı altında üzən Chelsea 3 olub. Gəmidəki 15 nəfərin hamısı təxliyə edilib. Onlardan beşi yüngül xəsarətlər alıb və tibbi yardım göstərilməsi üçün müraciət edib.

Radev hücumu qəbuledilməz adlandıraraq NATO və Avropa İttifaqından dəstək istəyib. Bolqarıstan hökumətinin rəhbəri hadisənin arxasında kimin dayandığını müəyyənləşdirmək üçün hələlik kifayət qədər aydın sübutun olmadığını bildirib.

Hadisə Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Hücumun kim tərəfindən həyata keçirildiyi və batmış gəminin digər heyət üzvlərinin vəziyyəti ilə bağlı əlavə məlumat gözlənilir.