1xeber.media xəbər verir ki, Almaniyada Rusiyadan Avropaya təbii qaz nəql edən “Şimal axını” boru kəmərlərində 2022-ci ildə baş vermiş partlayışlarla əlaqədar məhkəmə prosesi başlayır. İş üzrə Ukraynanın keçmiş hərbçisi şübhəli şəxs qismində ittiham olunur.
Associated Press-in oktyabrın 13-də yaydığı məlumata görə, Serhii Kuznietsov kimi tanınan şəxs partlayış törətməkdə, əmlaka zərər vurmaqda və mülki infrastruktura hücumla bağlı cinayətlərdə ittiham edilir. Almaniya prokurorluğunun iddiasına görə, əməliyyatın məqsədi Rusiya qazının Avropaya nəqlini dayandırmaq olub.
İstintaq versiyasına əsasən, əməliyyat iştirakçıları Almaniyadan icarəyə götürülmüş yaxtadan istifadə ediblər. Boru kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə baş vermiş, nəticədə “Şimal axını 1” və “Şimal axını 2” xətlərinə ciddi ziyan dəymişdi.
Ukrayna hakimiyyəti hadisədə dövlətin iştirak etməsi ilə bağlı ittihamları rədd edib. Məhkəmə prosesinin nəticəsi Avropanın enerji təhlükəsizliyi və Rusiya-Ukrayna münasibətləri baxımından diqqətlə izlənilir.