Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər vermək niyyətinin olmadığını söyləyib.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı Ermənistanın yerli “Joxovurd” qəzeti yazıb.
“Musayev dindirmə zamanı bildirib ki, erməni ailənin evinə daxil olarkən kiməsə zərər vermək niyyətində olmayıb. O qeyd edib ki, ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş edib, lakin qadın onun silahından yapışdığından atəş açmağa məcbur olub. Bundan əlavə, Musayev yazılı şəkildə bildirib ki, ardınca qadın və onun ailə üzvləri ona hücum edib, bıçaqla zərbələr vurub və döyüblər”, - deyə qəzetin məlumatında qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-da xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.