Вернуться назад Распечатать

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

 

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən
əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası
münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama
Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliyə hörmət, ədalət meyarları və beynəlxalq
hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq xəttinin göstəricisidir.
Azərbaycanla Kambocanı min kilometrlərlə məsafə ayırır. Buna baxmayaraq Şərqi
Asiyada yerləşən bu dövlətlə ölkəmizin əlaqələri genişlənməkdədir.  Kamboca Krallığının Baş
naziri Hun Manet ölkəmizə rəsmi səfəri iki öıkə arasında əlaqələrin daha da genişlənməsinə
növbəti addım olacaqdır.
Ölkələr arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan–Kamboca
arasında diplomatik əlaqələr  1994 -cü ilin  dekabr ayının 28-də  qurulub. 2014-cü ilin aprelində
dövlət başçısı səviyyəsində ilk səfər baş tutub ki, həmin vaxt Kamboca Krallığının Baş naziri
Hun Sen Azərbaycana səfər edib.
Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib.
Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və  geniş
tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında
imzalanmış üç sənədin mübadiləsi mərasimi olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet
mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Prezident İlham Əliyev
Azərbaycan və Kambocanın yaxşı dostlar və tərəfdaşlar olduğunu söyləyib. “Biz beynəlxalq
təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq”, – deyə dövlətimizin başçısı
qeyd edib.
Bildirilib ki, dövlətlər arasında siyasi münasibətlər güclüdür, BMT, Qoşulmama Hərəkatı,
həmçinin AQEM çərçivəsində əməkdaşlıq edilir. Dövlətimizin başçısı vurğulayıb ki, eyni
zamanda, ticarət və investisiyalar istiqamətində işləri müzakirə etməliyik.
Vurğulanıb ki, ölkəmiz Cənub-Şərqi Asiya ilə maraqlanır, bu bizim xarici siyasətin
prioritetlərindən biridir, vacib bir bölgədir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Asiya
ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.
Qanunverici hakimiyyət orqanları səviyyəsindəki əlaqələr də ikitərəfli münasibətlərin inkişafına
mühüm töhfə verir. Kamboca həmçinin Azərbaycanın Asiya Parlament Assambleyasına
müşahidəçi qismində qoşulmaq təşəbbüsünü yaxından dəstəkləyir. Bu çoxtərəfli həmrəylik iki
dövlətin qlobal platformalarda ədalətli beynəlxalq nizamın, suverenliyin və müstəqil xarici
siyasət xəttinin qorunması prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Humanitar, təhsil və mədəniyyət sahələrindəki tarixi bağlar da Azərbaycan-Kamboca
münasibətlərinin mühüm elementləridir. Sovet dövründə Azərbaycanda yüzlərlə kambocalı
tələbənin ali təhsil alması ənənəsinin bərpa olunması təşəbbüsü, kadr hazırlığı və tələbə
mübadiləsinin yenidən aktivləşdirilməsi iki ölkənin cari əməkdaşlıq gündəliyində önəmli yer
tutur.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Kamboca mina çirklənməsinin
nəticələrindən əziyyət çəkən ölkələrdir. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin
hələ də ciddi problem olaraq qaldığını diqqətə çatdıran Prezident İlham Əliyev təcrübə, bilik və
texnologiya mübadiləsinin, eləcə də təlim tədbirlərinin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd
edib.
Dövlət başçısının bildirdiyinə görə, Ermənistanın işğal dövründə Azərbaycan
ərazilərində basdırdığı minaların partlaması nəticəsində ərazilərin azad edilməsindən sonrakı
illərdə 400-dən çox insan həlak olub və ya yaralanıb. Bu rəqəm mina probleminin yalnız hərbi
əməliyyatların nəticəsi olmadığını, həm də mülki əhalinin təhlükəsizliyinə, sosial-iqtisadi
inkişafa və insanların doğma yurdlarına qayıdışına təsir edən uzunmüddətli humanitar böhran
olduğunu nümayiş etdirir.
Minalarla çirklənmiş ərazilərin təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş
torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas şərtlərindən biridir.
İnfrastrukturun yenidən qurulması, kənd təsərrüfatı torpaqlarının istifadəyə qaytarılması,
yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı birbaşa
minatəmizləmə prosesinin sürətindən və səmərəliliyindən asılıdır. Buna görə də bu sahədə

əldə olunan hər bir texnoloji nailiyyət, hazırlanmış peşəkar kadr və genişləndirilmiş beynəlxalq
tərəfdaşlıq Azərbaycanın milli inkişaf prioritetləri ilə bilavasitə bağlıdır.
Ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim
hörmətlə yanaşıb. Kamboca Krallığı ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə
sadiqliyini qoruyur. Ali qonağın da vurğuladığı kimi Kambocanın və Azərbaycanın ikitərəfli
əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da
töhfə verəcəkdir. Beləliklə, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha
da güclənməsinə yeni imkanlar açacağı şübhə doğurmur.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru