Вернуться назад Распечатать

“Ana uşağa deyib ki, “sən ağla, videoya çəkəcəyəm”

 

“Bu hərəkətlər uşaqların istismar edilməsidir və onların hüquqlarının pozulmasıdır”.

1xeber.media  xəbər verir ki, siyasi şərhçi Azər Həsrət Musavat.com-a açıqlamasında vahid məktəbli geyimi haqda müzakirələrə münasibət bildirərkən belə deyib.

Onun fikrincə, belə səhnələri özü də izləyib: “Bundan başqa, şəxsən özümə danışıblar. Məsələn, hicablı uşaq anası ilə birlikdə gülə-gülə məktəbə gəlib və normal bir dildə anaya izah edilib ki, uşaq başıörtülü məktəbə girə bilməz və ana dönüb uşağa deyib ki, “sən ağla, videoya çəkəcəyəm”. Yəni uşaqları ağlamağa məcbur edərək videolar çəkiblər. Maraqlıdır ki, bu cür videoları dərhal İrandan yayımlanan xəbər kanallarına göndəriblər. Bunun özü açıq-aşkar göstərir ki, planlı iş aparılır və uşaqlar alət kimi istifadə olunur. Uşaq hüquqları kobud şəkildə pozulur”.

Azər Həsrət qeyd edib ki, uşaqların hüquqlarını bu şəkildə pozanlarla bağlı dövlətin müvafiq qurumları konkret addımlar atmalıdır: “Öncə həmin valideynlər, yaxınları dəvət edilməli, onlara izah olunmalıdır ki, bu hərəkətləri qanun pozuntusudur. Hər birinə yazılı xəbərdarlıq edilməlidir ki, bu cür pozuntu təkrarlansa, hüquqi məsuliyyət yaradacaq”.

Onun fikrincə, heç kim öz uşağından vicdansızcasına istifadə etməməlidir: “Qanun uşaqların hüquqlarını qoruyur. Bir valideyn necə manyak olmalıdır ki, öz uşağından belə sui-istifadə etsin?! Burada hüquq pozuntusundan əlavə, bir mənəvi məsuliyyət də var. Bu cür valideynlərin həmin davranışı özlərinin ifşası oldu. Onlar təhlükəli zümrə olduqlarını uşaqlarını ağlamağa məcbur edib videosunu çəkib yaymaqla isbatladı. Ümid edək ki, dövlətimiz belə halları araşdıracaq. Uşaqlarına əşya kimi, vasitə kimi baxanlara iltizam sənədi imzalatdırılmalıdır. Uşaqların arxasında gizlənib öz niyyətini həyata keçirmək vicdansızlıqdır, Allahsızlıqdır”.