Вернуться назад Распечатать

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizə üzrə monitorinqlər intensivləşdirilib

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində monitorinqlər intensivləşdirilib.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib.

Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub:

"Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır".

Bildirilib ki, görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub.