Вернуться назад Распечатать

Bakı metrosuna 302 milyon dollarlıq kredit: Nə işlər görüləcək?

Asiya İnkişaf Bankı (AİB) Bakı metropoliteninin siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon dollar kredit ayrılmasını təsdiqləyib.

1xeber.media  xəbər verir ki, bu barədə APA məlumat yayıb. Bildirilib ki, layihə metro xidmətlərinin təhlükəsizliyini və səmərəliliyini artırmaq, qatarların hərəkətini təkmilləşdirmək məqsədi daşıyır.

Layihə 2,6 milyard dollarlıq Bakı metrosunun genişləndirilməsi proqramının bir hissəsidir. Proqram çərçivəsində 9 yeni stansiya, 2 depo və 20 kilometrlik tunel tikiləcək, əlavə 300 metro vaqonunun alınması nəzərdə tutulur.

AİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal bildirib ki, yeni texnologiyalar metronun təhlükəsizliyini və etibarlılığını artıracaq.

Hazırda Bakı metrosu 41 kilometrlik xətt üzrə 27 stansiyaya xidmət göstərir. 2025-ci ildə 220,4 milyon sərnişin daşınıb.

Modernləşdirmə nəticəsində qatarların pik saatlarda daha qısa intervallarla hərəkəti, texniki nasazlıqların və xidmət fasilələrinin azalması gözlənilir. Həmçinin idarəetmə, kibertəhlükəsizlik, sərnişin məlumatlandırılması və sıxlığın tənzimlənməsi sistemləri rəqəmsallaşdırılacaq.

Layihə əməkdaşların peşəkar inkişafını və qadınların texniki sahələrdə təmsilçiliyini də dəstəkləyəcək.

Ümumi dəyəri 515,07 milyon dollar olan layihənin 302,38 milyon dolları AİB krediti hesabına maliyyələşdiriləcək. Asiya İnfrastruktur İnvestisiya Bankının 79,98 milyon dollar, Azərbaycan hökumətinin isə 132,71 milyon dollar ayırması gözlənilir.