Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən
əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası
münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama
Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliyə hörmət, ədalət meyarları və beynəlxalq
hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq xəttinin göstəricisidir.
Birmənalı şəkildə demək olar ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığın inkişafında
maraqlıdır. Çünki dövlətimizin sözü də, imzası da etibarlıdır! İmzalanan sənədlərə sədaqət,
üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi və tərəfdaşlıq münasibətlərinə məsuliyyətli
yanaşma ölkəmizin beynəlxalq nüfuzunu müəyyən edən başlıca amillərdəndir.
Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə səfəri, keçirilən görüşlər və
imzalanan sənədlər Azərbaycanla Kamboca arasında əməkdaşlığın genişləndirilməsi üçün
yeni imkanların mövcudluğunu nümayiş etdirdi.
Bu səfər dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar
əsasında inkişafına verilən əhəmiyyətin ifadəsi kimi yadda qaldı.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Kamboca
arasında fəal əməkdaşlığın mövcudluğunu qeyd edərək BMT, Qoşulmama Hərəkatı və AQEM
çərçivəsində siyasi əlaqələrin inkişaf etdiyini bildirdi.
Dövlət başçısı ikitərəfli təmasların intensivləşdirilməsinin, ticarət və investisiya
əlaqələrinin genişləndirilməsinin, təhsil, turizm və nəqliyyat sahələrində əməkdaşlığın
inkişafının vacibliyini söylədi. Parlamentlərarası əlaqələrə toxunan Prezident hər iki ölkənin
parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini və Kambocanın dəstəyi ilə
Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu
əldə etdiyini diqqətə çatdırdı. Prezident iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud
imkanların hərtərəfli araşdırılmasının və qarşılıqlı sərmayə qoyuluşunun təşviqinin vacibliyini
də vurğuladı. “ASAN” xidmət modelinə Kambocada göstərilən maraq Azərbaycanın dövlət
idarəçiliyi sahəsində təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsinə və tətbiqinə şərait
yaradır. Dövlət başçısının mina problemi, sülh və təhlükəsizlik məsələlərinə dair fikirləri
beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin regional və qlobal
əməkdaşlığın əsas şərtlərindən biri olduğunu nümayiş etdirən mühüm mesaj oldu.
Ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim
hörmətlə yanaşıb. Kamboca Krallığı ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə
sadiqliyini qoruyur. Ali qonağın da vurğuladığı kimi Kambocanın və Azərbaycanın ikitərəfli
əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da
töhfə verəcəkdir. Beləliklə, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha
da güclənməsinə yeni imkanlar açacağı şübhə doğurmur.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru