Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq
platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq
çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası
1994-cü il dekabrın 28-də qoyulub. Ötən dövr ərzində formalaşan qarşılıqlı hörmət və etimad
mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkan
yaradıb. Oktyabrın 12-də Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfər etmiş Kamboca
Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, ikitərəfli
münasibətlərin müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması və liderlərin mətbuata
bəyanatlarla çıxış etməsi iki dövlət arasında formalaşan strateji dialoqun əyani təzahürü oldu.
Beynəlxalq müstəvidə fəal tərəfdaşlıq edən Azərbaycan və Kamboca qlobal təşkilatlar
çərçivəsində bir-birinin mövqeyini müntəzəm və qətiyyətlə dəstəkləyirlər. Dövlətlərarası siyasi
dialoqun yüksək səviyyəsini dəyərləndirən Prezident İlham Əliyevin iki ölkənin yaxşı dost və
tərəfdaş olduğunu qeyd edib: “Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-
birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi
əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı
intensivləşdirmək barədə də razılığa gəldik”. Bu, ölkələr arasındakı diplomatik münasibətlərin
yalnız çoxtərəfli platformalarla məhdudlaşmadığını, həm də ikitərəfli formatda daha dinamik
xarakter aldığını göstərir. Qarşılıqlı siyasi iradə və həmrəylik Bakı ilə Pnompen arasında bütün
sahələr üzrə əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi üçün etibarlı zəmin yaradır.
Avrasiya nəqliyyat-logistika dəhlizlərinin mərkəzində dayanan Azərbaycanın bu strateji
mövqeyi Kamboca ilə iqtisadi tərəfdaşlığın daha geniş coğrafiyaya inteqrasiyasına zəmin
yaradır. Azərbaycanın geostrateji imkanlarına və Avrasiya məkanında oynadığı mühüm tranzit
roluna diqqət çəkən Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib: “Asiya və Avropa
arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır”.
Dövlətimizin başçısının bu fikri ölkəmizin regionlararası nəqliyyat-logistika dəhlizlərinin
mərkəzində dayandığını və Kamboca ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün mühüm körpü
rolunu oynadığını bir daha nümayiş etdirir.
İki ölkə arasında iqtisadi-ticari əlaqələrin şaxələndirilməsi, qarşılıqlı investisiya mühitinin
stimullaşdırılması və potensial imkanların reallaşdırılması xüsusi diqqət mərkəzindədir. Ticarət
dövriyyəsinin həcmini artırmaq, sənaye, birgə istehsal və enerji təhlükəsizliyi kimi vacib
sahələrdə layihələri reallaşdırmaq məqsədilə praktiki aspektlərə diqqət yetirəcək birgə işçi
qrupunun yaradılması bu istiqamətdə atılan ən mühüm addımlardan biridir.
Eyni zamanda, Azərbaycan və Kamboca arasında müdafiə və regional təhlükəsizlik
məsələləri üzrə də müəyyən səviyyədə dialoq və məsləhətləşmələr davam etdirilir. Hər iki
dövlət münaqişələr nəticəsində ciddi mina çirklənməsindən zərər çəkdiyi üçün minatəmizləmə
sahəsində təcrübə mübadiləsi, texnoloji tərəfdaşlıq və beynəlxalq miqyasda birgə
təşəbbüslərin irəli sürülməsi xüsusi aktuallıq kəsb edir. Kambocanın minatəmizləmə
sahəsində qazandığı təcrübə ilə Azərbaycanın işğaldan təmizlənmiş ərazilərdə apardığı
genişmiqyaslı minatəmizləmə fəaliyyətinin sintezi hər iki tərəf üçün faydalı əməkdaşlıq
imkanları açır.
Humanitar, təhsil və mədəniyyət sahələrindəki tarixi bağlar da Azərbaycan-Kamboca
münasibətlərinin mühüm elementləridir. Sovet dövründə Azərbaycanda yüzlərlə kambocalı
tələbənin ali təhsil alması ənənəsinin bərpa olunması təşəbbüsü, kadr hazırlığı və tələbə
mübadiləsinin yenidən aktivləşdirilməsi iki ölkənin cari əməkdaşlıq gündəliyində önəmli yer
tutur.
Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi və sabitliyi davamlı inkişafın əsas və
dəyişməz şərti hesab edirlər. Liderlər tərəfindən bəyan edildiyi kimi sülh və təhlükəsizlik
beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır.
Tarixi sınaqlardan keçmiş və oxşar çətinliklərlə üzləşmiş hər iki xalqın beynəlxalq hüquqa,
ədalətə və suverenliyə verdiyi yüksək dəyər onları bir-birinə daha da yaxınlaşdırır.
Yüksəksəviyyəli rəsmi görüşlər, imzalanan yeni ikitərəfli sənədlər və nümayiş etdirilən
siyasi iradə Azərbaycan-Kamboca münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu sübut edir. Siyasi dialoqun dərinləşməsi, iqtisadi və investisiya əlaqələrinin
genişlənməsi, eləcə də humanitar və minatəmizləmə sahələrindəki praktiki tərəfdaşlıq iki ölkə
arasında dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyindən xəbər verir.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin baş mühəndisi