Вернуться назад Распечатать

Mirzoyan: Ermənistan-Türkiyə sərhədi açıla bilər

1xeber.media xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı yaxın zamanda müsbət qərarın verilə biləcəyini istisna etməyib.
Nazir bu barədə Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb. O bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərini davam etdirəcək.
Mirzoyanın sözlərinə görə, Azərbaycanla sülh artıq bərqərar olub, lakin prosesin tam başa çatması üçün hələ bir neçə addım atılmalıdır.
Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də irəliləyiş əldə etdiyini deyən nazir sərhədin açılması ehtimalına diqqət çəkib.
“Sabah səhər oyanıb xəbərlərdə ‘Ermənistan-Türkiyə sərhədi açıldı’ başlığını görməyimiz tamamilə mümkündür”, – deyə Mirzoyan bildirib.
Qeyd edək ki, Ermənistan-Türkiyə sərhədinin açılması iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin əsas məsələlərindən biridir. Bununla belə, Mirzoyanın açıqlaması sərhədin açılması barədə rəsmi qərarın qəbul edildiyi anlamına gəlmir.