“Bakıda oktyabrın 15-də Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII sammiti keçiriləcək. Sammitdə üzv və müşahidəçi dövlətlərin, o cümlədən tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur”.
1xeber.media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert xatırladıb ki, təşkilatda 28 dövlət təmsil olunur:
“Azərbaycanla yanaşı Çin, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Pakistan, Fələstin, Cənubi Koreya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam kimi ölkələrin adını çəkmək olar. Müşahidəçi dövlətlər arasında isə ABŞ də var. Göründüyü kimi, təşkilatda bir-biri ilə gərgin münasibətlərdə olan ölkələr yer alır. Bu amilin özü təşkilata və Bakıda keçiriləcək sammitə marağı artırır.

Kamboca Baş naziri Hun Manet, Laos Prezidenti Thonqlun Sisulit və Hindistan xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh artıq Bakıdadır. Kirti Vardhan Sinqh sosial şəbəkəsində bunları yazıb: “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII sammitində iştirak üçün Bakıya gəldim. Regional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması, eləcə də Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi məsələlərinə dair konstruktiv dialoq gözləyirəm”.
Hindistanın dövlət nazirinin sammitlə yanaşı Bakıda müxtəlif görüşlər keçirəcəyini də proqnozlaşdırmaq olar. Hindistan-Ermənistan hərbi əməkdaşlığı Azərbaycanda narahatlıq yaratsa da, Bakı ilə Dehli arasında dialoq davam edir. Dehli Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücüylə işləməsində maraqlıdır. Hindistan bu dəhliz vasitəsilə Rusiya bazarına daha qısa məsafə ilə giriş imkanı qazanacaq. Ancaq bunun üçün İran daxilindəki nəqliyyat yollarının tikintisinə başlamaq zərurəti var”.
Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycana səfər edəcək qonaqlar arasında Çin xarici işlər naziri Van Yi də olacaq:
“Van Yi Bakıda sonuncu dəfə 7 il əvvəl olub. Çin xarici işlər nazirinin Bakıdakı sammitə qatılmaqla yanaşı, Azərbaycan rəsmiləri ilə ikitərəfli təmaslar və nəqliyyat layihələrin müzakirə edəcəyini proqnozlaşdırmaq olar. Pekin Orta Dəhlizə maraq göstərsə də, nəqliyyat yolunun “Tramp marşrutu”ndan keçən hissəsi barədə ehtiyatlı mövqe tutur. Azərbaycan rəsmiləri Çinin xarici işlər naziri ilə görüşdə Zəngəzur dəhlizinin Çin üçün faydalı olduğunu inandırmağa çalışacaqlar”.