Вернуться назад Распечатать

Le Pen Ukraynaya yardımla bağlı qərarını açıqladı

1xeber.media xəbər verir ki, Fransanın sağçı “Milli Birlik” partiyasının prezidentliyə namizədi Marin Le Pen gələn il keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Parisin Avropa İttifaqı vasitəsilə Ukraynaya maliyyə dəstəyini davam etdirib-etdirməyəcəyinə əmin olmadığını bildirib. O, bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Le Penin sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı dürüst mövqe sərgiləmək üçün Kiyevə əlavə maliyyə imkanlarının məhdud olduğunu açıq şəkildə bildirmək lazımdır. O, Ukraynaya ayrılan vəsaitlərin Fransaya düşən payının yüksək olduğunu vurğulayıb.
Siyasətçi bildirib ki, Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kreditlərin 18 milyard avrosu Fransanın payına düşür. Le Pen bu məbləği Fransa üçün olduqca böyük maliyyə yükü kimi qiymətləndirib.
O, daha əvvəl prezident seçiləcəyi təqdirdə Ukraynaya ikitərəfli yardımı dayandıracağını, lakin əməliyyat xarakterli dəstək və ukraynalı hərbçilərin təlimi kimi istiqamətləri istisna edəcəyini bəyan edib.
Le Penin fikrincə, Ukraynaya gələcək maliyyə dəstəyi Fransaya həddindən artıq xərc yaradarsa, Paris bu yardımların davam etdirilməsini dəstəkləməyə bilər. Onun açıqlamaları Fransada qarşıdan gələn prezident seçkiləri ərəfəsində Ukraynaya yardım məsələsinin siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalacağını göstərir.