Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik
Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi
bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya
istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Oktyabrın 13-də Bakıda keçirilən görüşlər Azərbaycan ilə Laos arasında siyasi dialoqun
inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq
imkanlarının yaradılması baxımından diqqət çəkir.
İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və
mövcud əməkdaşlıq potensialının reallaşdırılması səfərin əsas istiqamətlərini təşkil edib.
Prezident İlham Əliyev bəyanatında Azərbaycanla Laosun beynəlxalq təşkilatlarda fəal
əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini və ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi
barədə razılığa gəldiklərini vurğulayıb.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Laos arasında siyasi münasibətlər
yaxşı səviyyədədir. Bununla yanaşı, iqtisadi əlaqələrin mövcud imkanlara uyğun
genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya sahəsində yeni layihələrin
həyata keçirilməsi üçün geniş perspektivlər mövcuddur. Bu baxımdan Prezident Thonqlun
Sisulitin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin praktiki məzmununun
gücləndirilməsinə xidmət edir.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Laos arasında
“Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”
qəbul edilib, iki mühüm əməkdaşlıq sənədinin imzalanması və sənədlərin mübadiləsi
mərasiminin keçirilməsi olub. İmzalanmış sənədlərin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərin
rəsmiləşdirilməsi ilə məhdudlaşmır. Onlar gələcək əməkdaşlığın istiqamətlərinin
müəyyənləşdirilməsi, əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi və əldə edilmiş
razılaşmaların konkret layihələrə çevrilməsi üçün imkanlar yaradır.
Prezident İlham Əliyevin mətbuata bəyanatında əminliyini bildirib ki, bu səfər ikitərəfli
münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək.
Dövlətimizin başçısı, həmçinin bu gün təkbətək və geniş tərkibdə görüşlərdə bir çox önəmli
məsələlərin müzakirə edildiyini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. “Otuz
ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox
beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək
göstəririk. Bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaq”, – deyə
dövlətimizin başçısı əlavə edib.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat və logistika imkanları, eləcə də
Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin inkişafına verdiyi önəm Laos ilə iqtisadi
münasibətlərin gələcək perspektivlərini artırır. Eyni zamanda, Laos ilə əməkdaşlıq Azərbaycan
şirkətləri üçün Cənub-Şərqi Asiya bazarını daha yaxından öyrənmək baxımından əhəmiyyətli
imkanlar yarada bilər.
Cənab Prezident iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində
əməkdaşlığın intensivləşməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini bildirib. Vurğulanıb ki,
Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Sərmayələrimizin
coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyib ki, milyardlarla dollar
səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda, qarşı tərəf
üçün də çox böyük fayda verir.
Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici
bazarlara çıxış imkanlarının artırılması istiqamətində həyata keçirdiyi siyasət Laos ilə
əməkdaşlıq üçün də yeni perspektivlər açır.
İki dövlət başçılarının görüşlərində humanitar məsələlər də yer almışdır. Bildirilib ki,
vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil alıb. Prezident İlham
Əliyev təklif etdi ki, bu ənənələr bərpa edilsin. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də
təklif olunub və gələcək illər ərzində daha çox laoslu tələbəni Azərbaycana təhsil almağa
gələcəklərinə əminlik bildirilib.
Nəqliyyat və hava əlaqələrinin inkişafı da tərəflərin müzakirə etdiyi məsələlər
sırasındadır. Laosun qonşu ölkələrlə dəmi yolu bağlantıları layihələri icra edilir və onlar icra
olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da bağlana bilər. Qeyd edilib ki,
Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, indi daha çox
yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin
artırılması istiqamətində işlər həyata keçirilir. Cənab Prezident hər iki tərəfdə reallaşan bütün
layihələrin başa çatdıdan sonra yükdaşımaların da həcminin artacağına ümid etdiyini bildirib.
Görüşlər zamanı həm də energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də
əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan ilə Laos arasında münasibətlər yalnız ikitərəfli iqtisadi əlaqələrlə
məhdudlaşmır. Hər iki ölkə beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsinə,
qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə və beynəlxalq hüquq normalarına əsaslanan
münasibətlərin inkişafına önəm verir.
Görüşdə mina təhlükəsi məsələsi də diqqət mərkəzində olub. Hər iki ölkənin mina
probleminin ağır nəticələri ilə üzləşməsi bu sahədə təcrübə və bilik mübadiləsini əhəmiyyətli
edir. Humanitar minatəmizləmə, mütəxəssislərin hazırlanması və təhlükəsizlik tədbirlərinin
təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları mövcuddur.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana
rəsmi səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı iki ölkə arasında münasibətlərin
gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisədir. Səfər zamanı mübadiləsi
həyata keçirilmiş “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında
Birgə Bəyanat” və iki sənəd iqtisadiyyat, ticarət, vergitutma və təhsil sahələrində əməkdaşlığın
genişləndirilməsi üçün hüquqi və institusional zəmin yaradır.
Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər Azərbaycanın xarici
siyasətində Asiya, xüsusilə də Cənub-Şərqi Asiya istiqamətinin əhəmiyyətini bir daha göstərir.
Azərbaycan ilə Laos arasında mövcud dostluq münasibətlərinin qarşılıqlı maraqlar əsasında
inkişaf etdirilməsi, imzalanmış sənədlərin ardıcıl icrası və yeni əməkdaşlıq imkanlarının
reallaşdırılması gələcək tərəfdaşlıq üçün geniş perspektivlər açır.
Asif Əliyev,
Sabirabad Aqrokimya laboratoriyasının müdiri