Вернуться назад Распечатать

Türkiyəli “Jirinovski” Oktay Saral hansı “məzhəbə” xidmət edir?

 

Oktyabrın 12-də Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral özünün “X” hesabındakı anti-Azərbaycan paylaşımında dövlətimizə “dərs keçmək” qərarına gəlib. “Mən layiq olmadığım halda Prezidentin baş müşaviri oldum” sözlərinin müəllifi O. Saral bəs bu cəsarəti haradan alıb və əslində hansı qüvvələri təmsil edir?

Faktyoxla bu məsələyə aydınlıq gətirməyə çalışıb.

İlk növbədə, onu qeyd etmək lazımdır ki, 59 yaşlı Saral Trabzonun Of rayonunda anadan olub, evlidir və üç uşağı var. Türkiyədə fəaliyyət göstərən “Sarallar” adlı mütəşəkkil cinayətkar dəstənin (ailənin) təmsilçisi olan Oktay Saral məlumatlara görə, 1998-ci ildə bombalı hücum cinayətinə yardım etdiyinə görə 2001-ci ildə 16 il həbs cəzası alıb.

Əvvəllər Fəzilət Partiyasında təmsil olunan O. Saral sonradan AKP-yə keçərək 2011-ci ildə keçirilən 24-cü çağırış parlament seçkilərində İstanbul şəhəri üzrə millət vəkili seçilib və 2015-ci ilə qədər bu vəzifədə olub. 2015-ci il seçkilərində İstanbuldan namizədliyi verilsə də seçilə bilməyib, 2016-cı ildən bu günə kimi Prezidentin baş müşaviri vəzifəsini daşıyır.

Həyat yoldaşına əl qaldırması ilə öyünən, TBMM-də dava salmaqla “ad qazanan”, dövlət məmurundan Quran kursuna  göndərilmək məqsədilə üç dəfə pul tələb edən birinin hansı dəyərlərə sahib olduğunu ehtimal etmək çətin deyil.

 

Saral özünü İslam dininin təmsilçisi kimi təqdim etsə də, əslində müxtəlif təriqətlərlə bağlı şəxs kimi də xarakterizə olunur.

Misal üçün, Fətullah Gülənin Türkiyədə yenicə düşmən elan edildiyi dönəmlərdə ona “Möhtərəm Xocaəfəndi”, davamçılarına isə “gözəl qardaşlarım” deyə müraciəti O. Saralın “FETO” terror təşkilatına və onun liderinə olan daxili sevgisinin göstəricisi idi. Bu sevgi və inamın nəticəsi idi ki, onun övladları da məhz “FETO” məktəblərində təhsil alırmışlar.

Və yaxud FETO-nun 2011-ci ildə təşkil etdiyi Türkcə olimpiadalarında iştirak edərək təşkilat üzvlərini “Qızıl nəsil” adlandıraraq onlara belə xitab etmişdi:

“Qlobal mədəniyyətin böhran içində olduğu bu dönəmdə bir ovuc ürək qitələr dolaşaraq o qitələrə susamış qəlblərə girərək, yenidən dünyanı gülüzara çevirməyə çalışan ürəklərə təşəkkür edirəm”.

İslam dinini hər zaman siyasi məqsədləri üçün istifadə edən O.Saral FETO ölkədə düşmən elan edildikdən sonra bu dəfə “İsmayılağa” camaatı ilə münasibətlər qurmağa başlayır.

Belə ki, Oktay Saral 2015-ci ildə millət vəkili ikən “İsmailağa” camaatına yaxınlığı ilə bilinən “Yavuz Sultan Səlim gənclik dərnəyi” özünün “Facebook” səhifəsində yazırdı: “İstanbul millət vəkili və Of şəhərinin keçmiş bələdiyyə sədri Oktay Saral, “İsmail Ağa” məscidinin imamı ustadımız Salih Əfəndini ziyarət etdi. Namazdan əvvəl uzun söhbətdən sonra o, həmçinin namazdan sonra Salih Əfəndinin xütbəsini dinlədi. Müəllimimizin oğlu ona otaqda xütbə dinləməyi təklif etsə də, məsciddə qaldı və diz çökərək dinləməyə davam etdi”.

2023-cü ildə Oktay Saral özünün “X” hesabında yazırdı: “Mahmud Ustaosmanoğlu Hoca Efendi, İsmailağa icmasının qurucusu, həqiqət aşiqi və böyük bir İslam alimi, Rəbbinə qovuşmasının birinci ildönümündə məhəbbətlə anılır. Həyatını həqiqətə xidmət etməyə həsr edən hörmətli müəllimimiz saysız-hesabsız Quran tələbələrini yetişdirib. Allah bizə onun şəfaətini nəsib etsin...!”

26 may 2024-cü ildə “ismayılaga.net” “Facebook” səhifəsində isə belə bir status paylaşılıb: “Prezidentin hörmətli baş müşaviri cənab Oktay Saral “İsmayıl Ağa” məscidində Şeyximiz Fikri Əfəndini və Salih Topçu Hoca Əfəndini ziyarət etdi”. 15 avqust 2024-cü il tarixində də Oktay Saral İsmayılağa camaatının liderlərindən olan Salih Topcu ilə bir araya gəlib.

2025-ci ilin iyul ayında “İsmayılağa” camaatı Trabzonun Of rayonunda böyük bir kompleksin açılışını edib. Həmin tədbirin açılışında keçmiş Oktay Saral da iştirak edib.

Ümumiyyətlə, Oktay Saralla bağlı məlumatları araşdırarkən onun Türkiyənin “Jirinovski”si rolunu oynadığı məlum olmuşdur. Siyasi cəhətdən savadsız olan və yalnız “Sultanı”na (Prezident R.T.Ərdoğana belə müraciət edir – red.) xoş gəlmək üçün müğənnilərdən (Hadisə, Gülbən Ərgən) tutmuş siyasətçilərə kimi hər kəsə “bir daş atan” bu cür qeyri-ciddi bir şəxsin Prezident Administrasiyasında belə yüksək vəzifə tutması isə düşündürücüdür. Onun Azərbaycana qarşı siyasi sifariş yoxsa pul müqabilində danışması isə fikrimizcə araşdırma mövzusu olmalıdır.