Azərbaycan bu gün qlobal miqyasda həyata keçirdiyi müstəqil dövlətçilik siyasəti,
iqtisadi qüdrəti və coğrafi sərhədləri aşan çoxtərəfli əməkdaşlıq əlaqələri ilə beynəlxalq
münasibətlər sistemində mühüm mərkəzə çevrilmişdir. Ölkəmizin qitələri, sivilizasiyaları
birləşdirən etibarlı tərəfdaş kimi mövqeyi münətəzəm şəkildə yeni coğrafiyalarla qurulan
dostluq münasibətlərində özünü büruzə verir. Oktyabrın 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun
Sisulitin Bakıdakı görüşü və mətbuata verdikləri bəyanatlar məhz bu uğurlu xarici siyasətin
növbəti təntənəsi oldu.
Tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olması baxımından bu
hadisə xüsusi əhəmiyyət daşıyırsa, səfər çərçivəsində imzalanmış Birgə Bəyanat ilə gələcək
əməkdaşlığın hüquqi və strateji çərçivəsi müəyyən edilmiş oldu. Hər iki ölkə arasında
diplomatik əlaqələrin qurulmasından otuz ildən çox vaxt keçdiyini xatırladan Prezident İlham
Əliyev bu illər ərzində beynəlxalq təşkilatlar çərçivəsində həmişə qarşılıqlı dəstək və həmrəylik
nümayiş etdirildiyini vurğuladı və siyasətin gələcəkdə də eyni səviyyədə davam etdiriləcəyinə
əminliyini ifadə etdi. Parlamentlərarası əlaqələr, dostluq qrupları və 2018-ci ilin mayında
Bakıda iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilab Partiyası
arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumu siyasi müstəvidə təməli
qoyulan münasibətlərin möhkəm olduğunun əyani sübutudur.
Siyasi sahədəki yüksək səviyyəli qarşılıqlı etimad şübhəsiz ki, iqtisadi müstəvidə də öz
bəhrəsini verməlidir. Hazırkı ticarət dövriyyəsinin hər iki ölkənin malik olduğu real potensialı
əks etdirmədiyini qeyd edən dövlət başçımız bu sahədə münasibətlərin intensivləşdirilməsi
üçün konkret tapşırıqlar verildiyini bildirdi. Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu
bu istiqamətdə atılan mühüm addımlardandır. Azərbaycanın son illərdə xarici ölkələrə
milyardlarla dollar səviyyəsində sərmayə yatırdığını nəzərə alaraq, Laos tərəfindən təqdim
olunacaq konkret layihələrə böyük maraqla baxılacağı bəyan edildi. Bu, həm Laosda yeni
istehsalat sahələrinin qurulmasına, iş yerlərinin açılmasına, həm də iki ölkə arasında iqtisadi
bağların güclənməsinə xidmət edəcək.
Azərbaycanın malik olduğu müasir nəqliyyat-logistika infrastrukturu, Trans-Xəzər
nəqliyyat marşrutu regional əməkdaşlıq üçün geniş imkanlar açır. Dənizlərə çıxışı olmayan
Laosun qonşu ölkələrlə dəmir yolu bağlantısı layihələri reallaşdıqdan sonra bu marşrutların
birbaşa Trans-Xəzər dəhlizinə (Orta Dəhlizə) bağlanması Asiya ilə Avropa arasında
yükdaşımaların həcmini daha da artıracaq. Azərbaycan öz ərazisindəki bütün mühüm logistik
layihələri tamamladığı üçün indi əsas hədəf yük həcmini artırmaq və yeni ünvanlardan yüklər
cəlb etməkdir. Bu layihələrin kəsişməsi Asiya ilə Avropa arasında yeni və etibarlı bir tranzit
zənciri formalaşdıracaq. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı
iradəyə əsaslanan əməkdaşlıq perspektivləri iki ölkənin inkişafına güclü təkan verəcəkdir.
Görüş zamanı səslənən maraqlı məqamlardan biri də sovet dövründə iki mindən çox laoslu
tələbənin Azərbaycanda təhsil alması faktı oldu. Prezident İlham Əliyevin təklifi ilə bu gözəl
ənənənin bərpası, xüsusi təqaüd mexanizmlərinin tətbiqi təşəbbüsü gələcəkdə humanitar və
təhsil sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldıracaq, gələcəkdə Laosun müxtəlif
sahələrində çalışacaq azərbaycandilli kadrların yetişməsinə və humanitar əlaqələrin zirvəyə
daşınmasına xidmət edəcək.
Eyni zamanda, hər iki ölkəni birləşdirən ortaq və ağrılı bir problem də mövcuddur –
minalar. Laosun müharibədən onilliklər keçməsinə baxmayaraq hələ də minalardan əziyyət
çəkdiyini qeyd edən dövlət başçımız, Ermənistanın işğalı nəticəsində Azərbaycan
torpaqlarında 1 milyondan çox mina basdırıldığını və son illərdə yüzlərlə vətəndaşımızın bu
bəladan zərər çəkdiyini diqqətə çatdırdı. Bu sahədə təcrübə mübadiləsi, yeni texnologiyaların
tətbiqi və birgə treninqlər mühüm əməkdaşlıq istiqaməti kimi irəli sürüldü.
Prezident İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulit ilə görüşü və səsləndirdiyi
bəyanat bir daha sübut etdi ki, Azərbaycan coğrafi uzaqlığından asılı olmayaraq bütün dost
ölkələrlə qarşılıqlı faydalı və səmimi tərəfdaşlıq əlaqələri qurmağa qadirdir. Bakı və Vyentyan
sadəcə diplomatik deyil, həm də iqtisadi, logistik və humanitar sahələrdə real nəticələrə
söykənən güclü tərəfdaşlığa addım atır. İki ölkə arasında mövcud olan qarşılıqlı siyasi iradə bu
hədəflərin tezliklə həyata keçəcəyinə ən böyük zəmanətdir.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta ümumtəhsil məktəbinin direktoru