1xeber.media xəbər verir ki, ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı altı dəfə xahiş edib. Bu barədə “The Wall Street Journal” (WSJ) danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında bu məsələ müzakirə olunduqdan sonra Vaşinqton Kiyevə enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı dəfələrlə müraciət edib.
Mənbələrin bildirdiyinə görə, Ukrayna rəsmiləri Rusiya ilə enerji sahəsində atəşkəsin istənilən variantına razı olmağa hazır olduqlarını bildiriblər. Lakin Moskvanın bu təklifi qəbul etmədiyi iddia olunur. Buna görə də Kiyev Rusiyanın enerji infrastrukturuna zərbələri dayandırmayıb.
WSJ-nin məlumatına əsasən, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kiyevdə keçirdikləri altı saatlıq görüş zamanı Ukrayna və Avropa tərəflərindən müharibənin dayandırılması məqsədilə Rusiyaya təqdim olunacaq yeni təkliflər paketi hazırlamağı istəyiblər.
Həmin gün Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə də 90 dəqiqə davam edən telefon danışığı aparıb. Danışıqlardan sonra dizel yanacağının tədarükü ilə bağlı razılaşmanın əldə edildiyi elan olunub.
ABŞ administrasiyasının nümayəndələri bildiriblər ki, Tramp Ukrayna münaqişəsinin dayandırılması istiqamətində səylərini davam etdirir. Onların fikrincə, ABŞ prezidenti həm Putin, həm də Zelenski ilə danışıqlar apararaq davamlı sülh razılaşmasına nail olmaq imkanına malik yeganə şəxsdir.
Qəzetin mənbələri Rusiya dizel yanacağının alınması təklifini də ABŞ-da benzin qiymətlərinin aşağı salınmasına və Rusiyanın danışıqlar masasına qayıtması üçün iqtisadi stimul yaradılmasına yönəlmiş addım kimi qiymətləndiriblər.