1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər istəyərkən Starlink peyk rabitəsi ilə bağlı məhdudiyyətlərlə üzləşdiklərini bildirib. O, bu barədə Financial Times qəzetinə müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Kiyev hava hücumlarından qorunmaq üçün ABŞ-dan əlavə raketlər istəyib. Ukrayna lideri bunu ölkəsinin müdafiə ehtiyacları baxımından əsas tələb kimi təqdim edib və Vaşinqtonun cavabına təəccübləndiyini bildirib.
“Patriot sistemləri üçün raketləri mənə verə bilərsinizmi? Özümü müdafiə etmək üçün lazım olan vasitələri istəməyim ədalətlidir. Bu, xahiş etdiklərimin minimumudur. Ancaq mən bunu istəyəndə cavabınız Starlink-in bloklanması olur”, – deyə Zelenski qeyd edib.
O, eyni zamanda Kiyevin Rusiya ilə ABŞ arasında dizel yanacağına dair razılaşmaya cəlb edilməməsini istəyib.
Oktyabrın 14-də Ukrayna müdafiə nazirinin keçmiş müşaviri və könüllü Sergey Sternenko Starlink xidmətinin fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən Ukrayna Silahlı Qüvvələrinin həmin gecə bir sıra mühüm əməliyyatlarının pozulduğunu iddia edib.
Sternenko daha sonra məhdudiyyətlərin sərtləşdirildiyini və Starlink bağlantısının təxminən saatda 60 kilometr sürətlə hərəkət edən vasitələrdə kəsilməyə başladığını bildirib.
Qeyd edək ki, Starlink Ukrayna ordusunun rabitə və məlumat ötürülməsi üçün istifadə etdiyi peyk interneti xidmətidir. Xidmətin fəaliyyətinə qoyulan məhdudiyyətlərin hərbi əməliyyatlara təsiri ilə bağlı açıqlamalar Ukrayna tərəfinin bəyanatlarına əsaslanır.